Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artırılaraq 3 milyard 314,5 milyon manata çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatda qeyd olunub.
Bildirilib ki, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.
“2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır”, - məlumatda deyilir.
Qeyd olunub ki, təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,3 faiz artaraq 491,3 manat təşkil edib.