Ucarda bazarda səkkiz mağaza yandı, yaşayış evləri mühafizə olundu - Video

 11-08-2024

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə idarəsinin qüvvələri əraziyə cəlb olunublar.  

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 510 kvadratmetr olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270 kvadratmetr sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

Bənzər yazılar

0.099388122558594