İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Bazarstore” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Bazarstore” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Bazarstore” qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Qeyd edək ki, “Bazarstore”un ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. “Bazarstore” MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 milyon 862 min 223,16 dollar olan şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.
Əvvəllər “Azərsun Holdinq”ə bağlı olan “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının üzvü olan Ebrahim Samadi bu vəzifəyə yeni təyin olunub. Daha əvvəl “Bazarstore” MMC-nin direktoru Burhan Sevahil olub.
“Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə tanınmış iş adamı Abdolbari Gözəldir.
Elnur Əli