Yelena Sidorenko: "Hamı məni "bomba aparıcı" kimi tanıyırdı, 170 manat maaş alırdım"

 07-08-2024

"Uşaqlığım kasıbçılıqla assosiyasiya olunur. Vaxt var idi, məktəbdə üç il eyni paltarda və ayaqqabıda gəzirdim”.

Bu sözləri tanınmış teleaparıcı Yelena Sidorenko 1news.az-a müsahibəsində deyib.

O, atasını 16 yaşında itirdiyini bildirib: "Atam yataq xəstəsi olanda universitetə qəbul olmağa hazırlaşırdım. Evə gəlirdim, ona yemək verirdim, sonra işə qaçırdım. Eyni zamanda bal rəqsləri müəlliminin köməkçisi kimi işləyirdim. Uşaqlıqdan bu rəqslə məşğul olurdum. Atam uzun müddət xəstə olduğundan böyük məbləğdə borcumuz yaranmışdı. O vəfat edəndə anam pul qazanmaq üçün getməli oldu, çünki Bakıda belə bir imkanı yox idi.

Bu, çox çətin dönəm idi. Bir çox vəzifələrdə işləyirdim, amma daha çox 8-ci kilometr adlanan bazarda kofe satmağım yadımda qalıb. O vaxt mənə çox ağrılı gəlirdi... Birincisi, yay idi, istiyə dözümüm yoxdur. Kiçik yük maşınında gəzib marketlərə girirdim və deyirdim: "Salam, müəllim. Yeni bir kofe var, almaq istəmərsiz?” Təsəvvür edin, göygöz sarısaç qız girir və qarınlı dayı razı-razı yaxınlaşıb deyir:  "Qəşəng qız, gəl görüm nə istəyirsən?” Və sən məcbur ona yeni kofe haqda danışırsan. Bu istidə işlədiyimə və bu dayıları gördüyümə görə özümə nifrət edirdim... Bu şirkətdə cəmi bir neçə ay işlədim, amma ömrümün sonunadək unutmayacağam. 

Həmin dövrdə mənimlə bir sürücü işləyirdi. Xatırlayıram, bütün qazandığı pulu kontura xərcləyirdi və sevdiyi qıza zəng edirdi. Kontur isə o vaxt çox bahalı idi. Ona deyirdim: "Bilirsən, gün gələcək və biz buna güləcəyik”. Sonra yollarımız ayrıldı...

Kofe satanda 16 yaşım var idi. 17 yaşımda artıq televiziyada çalışırdım, 21 yaşımda isə növbəti arzum reallaşdı və maşın aldım. Həmin sürücünü sənədlərimi alanda gördüm. Danışdıq. Öyrəndim ki, polisdə işləyir və cənab Prezidenti kortejdə müşayiət edir. Bir də öyrəndim ki, həmin qızla evlənib və iki uşağı var. Bu, təəccüblü görüş idi. Həmin çətin dövr haqda xatirələr yada düşdü...”

Sidorenko ona məşhurluq gətirən ANS telekanalı ilə bağlı bəzi məqamları açıqlayıb: "ANS-də "X-dance” rəqs müsabiqəsində iştirakımdan sonra telekanalın direktoru Vahid Mustafayevin dəvəti ilə işləməyə başladım. Deyə bilmərəm ki, bununla da çətinliklərim bitdi. ANS-də işlədiyim beş il ərzində hər gün dəhlizdə ağlayırdım. Çünki həmişə kimsə xətrimə dəyirdi, sıxışdırırdı. İnsanlar qəbul edə bilmirdi ki, məktəbi yenicə bitirmiş hansısa qızcığaz axşam xəbərlərini apara bilər. Onlar başa düşmürdülər ki, bu qızcığaz bura tam təsadüfən, özü də istəmədən düşüb.

Kənardan hamı düşünürdü ki, mən bütün ölkənin tanıdığı ən bomba aparıcıyam, əslində isə bu "bomba aparıcı” evə metroda gedirdi və 170 manat maaş alırdı. Bu populyarlığın arxasında nəyin durduğunu heç kim bilmirdi. Bundan əlavə, ANS-dəki işimdən sonra rəqs dərsi keçməyə gedirdim, çünki maaşım heç nəyə çatmırdı. Gecə 12-də özümü güclə evə çatdırırdım və başa düşürdüm ki, sabah bütün bunlar yenidən təkarlanacaq. Həyatım mübarizədən ibarət idi”.

 

Bənzər yazılar

0.11408805847168