Azərbaycanda KOB gömrük anbarı yaradılıb

 07-08-2024

İdxal sahəsində KOB subyektlərinin işini daha da asanlaşdırmaq məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bildirilir ki, “KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) və KOBİA-nın birgə təşəbbüsü ilə yaradılıb. DGK-nın sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.

Ş. Bağırov “Bakı KOB evi”ndə gömrük təmsilçiləri, logistika şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşərək, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”ndə yerləşən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən DGK-nın xidmət pəncərələrinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edilib ki, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından yararlana bilərlər. Anbar 1 350 kvadrat metr ərazini əhatə edir və burada KOB subyektlərinin kiçik həcmli malları saxlanılır, gömrük rəsmiləşdirilməsi isə “Bakı KOB evi”ndə həyata keçirilir.

“Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

 

Bənzər yazılar

0.058013916015625