Kürdəmir rayonunda təsərrüfatlar gəmiricilərin hücumuna məruz qalıb. El arasında “sünbülqıran” kimi tanınan boz siçan Kürdəmirin Qarasaqqal kəndindəki əkin sahələrini viran qoyub.
Sürətlə çoxalan zərərvericilərə artıq rayonun bütün kəndlərində rast gəlmək mümkündür.
Yenisabah.az-a danışan fermer Rövlan Ələkbərov həyəcan təbili çalaraq bildirib ki, dövlət qurumları vaxtında lazımi tədbirlər görməsə, təsərrüfata çəkilən zəhmət hədər gedəcək.
Onun sözlərinə görə, sahələrin yarıdan çoxunu əkən kəndlilərin məhsulunun bir hissəsi artıq məhv olub:
“Respublika səviyyəsində fövqəladə vəziyyət yaranıb. Sahələrimizin hər kvadrat metrində sünbülqıranların 5-6 yuvası var. Vəziyyət böhranlı hal alıb. Təkcə mənim 30 tona yaxın məhsulumu 2 gecədə sünbülqıranlar dağıdıb. Fəlakətin miqyası gün keçdikcə artmaqda davam edir. Ötən ildən qalan məhsullardan əlavə, hazırda yemiş sahələrini, nar ağaclarını, üzüm tinglərini zərərvericilər dağıdırlar. Tərəvəz, bostan məhsullarını, hətta tut ağaclarının yarpaqlarını belə yeyirlər. Durum acınacaqlıdır.
Oktyabr ayında əkinə başlamalıyıq, indiki vəziyyətdə isə bu, qeyri-mümkün görünür. Ötən ilki məhsula görə yox, gələcək üçün təşvişə düşmüşük. Vəziyyət elə ağırdır ki, 1 sot torpaqda belə əkin əkə bilməyəcəyik”.
Fermer bildirib ki, gəmiricilərin qarşısını almaq çox çətindir və bir neçə fermerin onlarla başa çıxması qeyri-mümkündür:
“Bir cüt sünbülqıranın zaman keçdikcə nə qədər bala verəcəyini düşünəndə vəziyyət daha da vahiməli görünür.
Biz, fermerlər olaraq dövlət səviyyəsində yardım istəyirik. Vəziyyətimiz acınacaqlıdır. Bu artıq bizim həll edə biləcəyimiz iş deyil. Fermerlərin tək-tək bu ziyanvericilərin kökünü kəsməsi real deyil. Mən öz sahəmi dərmanlasam da, qonşu sahələrdən yenə gələcəklər.
Dövlət qurumları məsələyə müdaxilə edib mütləq genişmiqyaslı tədbir görməlidir. Sünbülqıranlar çəyirtkə, sovka, qurd və digər həşəratlar kimi deyil, yerin altında olurlar. Həşəratların qarşısını almaq üçün sahəyə dərman səpmək olur, amma sünbülqıranların kökünü kəsmək üçün gərək bir-bir yuvalarının ağzına çay qaşığı ilə zəhərli buğda səpəsən. Bunu etmək üçün minlərlə işçiyə ehtiyac var. Gəmiricilər məhv etmək üçün rayona xüsusi dərman perapatları gətirilməli, fermerlərə paylanmalıdır”.
Əsmətxanım Rzazadə