Bakıdakı bütün “kupçasız” evlər söküləcək?

 05-08-2024

Son vaxtlar qeyri-qanuni şəkildə zəbt olunan torpaqlarda aparılan icazəsiz tikintilərin sökülməsinə başlanıb. Bu təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir. Bu addım insanlar arasında təşviş və narahatlıqla qarşılanıb. Evləri sənədsiz olan bir çox vətəndaş eyni aqibətlə üzləşməkdən narahatdır. 

Görəsən, narahatlığa əsas varmı? Sənədsiz evlərin söküntüsü də gündəmdədirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, söküntülərin aparılması, sadəcə, yeni tikilən və ya tikilməkdə olan evlərə aiddir: 

“Söhbət təkcə yeni tikilən və heç bir sənədi olmayan tikililərdən gedir. Əgər hansısa ərazidə yaşayış varsa, fərdi yaşayış evinin söküntüsü üçün müvafiq olaraq, hökmən məhkəmə qərarı tələb olunur.

Məhkəmə qərarı olarsa, bu zaman fərdi yaşayış evinin məcburi söküntüsü həyata keçirilə bilər. Məlum olduğu kimi, sənədsiz evlərlə bağlı müvafiq qərar qəbul ediləcək və onların hansının sənədləşdirilib-sənədləşdirilməyəcəyi daha aydın bildiriləcək. İnsan sağlamlığı üçün təhlükəli olan, yüksək gərginlikli elektrik, qaz və su xətlərinin üzərində yerləşən evlərin gələcəkdə yəqin ki, söküntüsü həyata keçiriləcək.

Buna müvafiq olaraq, müəyyən icraedici qurumlar məhkəməyə müraciət edə bilər. Hal-hazırda qanunvericilik də tələb edir ki, əgər hər hansı yaşayış evi varsa, onun sökülməsi üçün ilk növbədə müvafiq məhkəmə qərarı olmalıdır. Söküntü yalnız yeni tikilən və tikilməkdə olan əmlaklara aid ediləcək”. 

Ekspert sökülən evlərlə bağlı vətəndaşlara hansısa kompensasiyanın verilməyəcəyini qeyd edib: 

“Həmin torpaq sahəsi əgər zəbt edilibsə, ona heç bir kompensasiya ödənilə bilməz. Bu tikililər ona görə sökülür ki, zəbt olunmuş torpaq sahələrində tikilib. Belə torpaqların heç bir hüquq müəyyənedici sənədləri olmur. Əgər hər hansı torpağın hüquq müəyyənedici sənədi varsa, orada tikinti aparmaq çox rahatdır. Söhbət yalnız qeyri-qanuni zəbt edilən torpaq sahələrində aparılan özbaşına tikililərdən gedir. Rayon icra hakimiyyətləri və digər icra strukturları da bu özbaşına tikililərin qarşısını alır”. 

Bənzər yazılar

0.064208030700684