Heyvan saxlamaq üçün yem və otlaq sahəsi məsələsi böyük problemə çevrilib
Azərbaycanda ət qiymətlərində yenidən bahalaşma qeydə alınır. Belə ki, iyulun sonuncu ongünlüyündən bazarlarda mal və quzu ətinin qiymətində təxminən 1 manat civarında artım var. Bu məhsullarda bahalaşma ötən ildən sürətlənib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında ət və ət məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz bahalaşıb. May ayında bu məhsullar aprellə müqayisədə 0,4 faiz, iyunda mayla müqayisədə 0,5 faiz bahalaşıb. İyul ayının ortalarında həm mal, həm də qoyun ətinin qiymətində orta hesabla 1 manat bahalaşma baş verib. İyulda da bahalaşmanın davam etməsi narahatlıq doğurur.
Bir çox mütəxəssislər bahalaşmanın qıtlıqla bağlı olduğunu deyirlər. Bildirilir ki, ölkədə ətlik istiqamətli cins heyvandarlığın inkişafı zəifdir, bu sahədə fəaliyyət göstərən böyük şirkətlər əti baha təklif edirlər. Kiçik və orta ölçülü heyvandarlıq təsərrüfatlarının fəaliyyət imkanları sürətlə daraldılır. Bu isə ətlik mal-qara, qoyun sayının sürətlə azalmasına səbəb olur.
Mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ətin qiymətinin durmadan artmasına səbəb olan bir sıra amillər mövcuddur:
"Əsas amil odur ki, ”Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun 10 ildir qəbul olunsa da, işləmir. İkincisi, kənd təsərrüfatı sistemi vahid olmadığı üçün heyvandarlıq ayrı-ayrı qrupların əlində cəmləşib. Bu zaman kimin suvarma imkanları varsa, bütün qrupları onlar idarə edir. Fərdi təsərrüfatlarda yetişdirilən mal-qara demək olar ki, gün-gündən yox olur. Əhali heyvandarlıqdan imtina edir. Üçüncü problem Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda pambıq əkilməsi barədə hökumətin qərarları oldu. Bu təzyiqlər nəticəsində bir çox insanlar öz təsərrüfatlarını ləğv edib, pambıq əkməyə başladılar. Digər məsələ isə insanların kəndlərdən uzaqlaşması və bu işlərlə məşğul olmamasıdır. Bunların üzərinə heyvan yemlərinin bahalaşmasını da əlavə etməliyik".
Hüseynov diqqətə çatdırıb ki, heyvan yemlərində son üç ildə iki dəfə bahalaşma olub: "Heyvan saxlamaq üçün yem məsələsi böyük problemə çevrilib. Bundan əlavə, rayonlarda heyvan bazarlarında üçüncü subyektlər ortaya çıxıb. Bunlar da alverçilərdir. Həmin alverçilərin əlindən keçmədən heç bir heyvan satmaq mümkün deyil. Digər mühüm məsələ isə idxaldır. Bu da sözsüz ki, qiymətin artmasına təsir edir. Qiymət artmaqda davam edəcək. Yaxın zamanda ətin qiyməti təxminən Avropa bazarındakı qiymətə bərabər olacaq. Bunun qarşısını almaq üçün meqa-fermalar yaradılmalıdır. Fərdi kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə şərait yaradılmaldır ki, özləri heyvanlarını bazara çıxarıb sata bilsinlər”.
Onu da qeyd edək ki, Azərbaycanda son illərdə həqiqətən heyvandarlığın bitkiçilik hesabına sıxışdırılması prosesi gedir. Min hektarlarla otlaq-örüş, qışlaq yerləri əkin altına salınıb. Nəticədə Azərbaycanda iribuynuzlu heyvan və qoyun-keçi sayı sürətlə azalıb. Rəsmi statistikaya əsasən ölkədə qoyun-keçilərin sayı 2020-ci ildəki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddətdə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb. Bu ilin altı ayında Azərbaycanda qoyunların sayında azalma davam edib. Belə ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub. Qoyun-keçi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 200 min başdan çox azalma var.
Ölkədə mal-qara və qoyun sayının azalması xaricdən onların diri halda idxalının artımı ilə müşayiət olunur. Belə ki, rəsmi statistikaya əsasən Azərbaycana ötən il ərzində rekord sayda diri qoyun idxal olunub: 25 milyon 102,97 min dollar dəyərində 320 543 baş. 2022-ci il ərzində bu idxal 15 milyon 901,2 min dollar dəyərlə 194 562 baş olmuşdu. Diri iribuynuzlu mal-qaranın idxalı isə 2022-ci ildəki 41 997 başdan ötən il 86 520 başa çatıb.
Diri heyvanla yanaşı, son 2 ildə Azərbaycana ət idxalında da ciddi artım müşahidə olunmaqdadır. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən ət idxalı dəyər ifadəsilə 2.9 faiz artıb, miqdar ifadəsilə 6.4 faiz azalıb. 2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunmuşdu.
2024-cü ilin yanvar-iyun aylarında isə Azərbaycana 58 milyon 621 min dollar dəyərində 26 min 466 ton ət idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ət idxalı dəyər ifadəsilə 18 milyon 172 min manat və ya 45 faiz , miqdar ifadəsilə 5 min 70 ton və ya 24 faiz artıb. 2023-cü ilin 6 ayında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilmişdi.
Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Hökumət bu istehlakın 84,5 faizinin daxili istehsal hesabına təmin olunduğunu deyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı cüzi səviyyədə - 1,7 faiz artıb. Məlum məsələdir ki, daxili istehsalın xeyli hissəsinin arxasında xaricdən idxal olunaraq bir neçə aylıq bəslənmədən sonra kəsimə verilən diri heyvanlar dayanır. Bu ilin əvvəlindən bəri mal və quzu ətinin qiymətində ardıcıl bahalaşmanın arxasında dayanan əsas amil məhz diri heyvan idxalının azalmasıdır.
Belə ki, bu ilin əvvəlindən diri mal-qoyun idxalında əsas bazarımız olan Gürcüstandan xəstəliklərə görə idxala qoyulan qadağa Azərbaycana diri iribuynuzlu mal-qara və qoyun idxalında böyük azalmaya səbəb olub. Belə ki, yanvar-may aylarında 13 milyon 484,12 min dollar dəyərində 17 046 baş kəsimlik diri iribuynuzlu heyvan, 600,89 min dollar dəyərində 6060 baş diri qoyun idxalı qeydə alınıb.
Ötən ilin eyni dövründə 7 milyon 314,86 min dollar dəyərində 22 215 baş diri iribuynuzlu heyvan, 2 milyon 830,18 min dollar dəyərində 32 152 baş diri qoyun idxal olunmuşdu. Bu o deməkdir ki, diri iribuynuzlu heyvan idxalı dəyər ifadəsində 84 faiz artsa da, say baxımından 23,3 faiz azalıb. Bu ilin beş ayında idxal olunan bir heyvanın qiyməti ötən ilin eyni dövründəki 329,2 dollardan 791 dollara qədər bahalaşıb. Diri qoyun idxalı isə dəyər ifadəsində 78,8 faiz, say baxımından isə 81,2 faiz azalıb.
Yeri gəlmişkən, hökumət rəsmiləri Azərbaycanda mal-qara və qoyun sayının azalmasında problem görmürlər. Bildirilir ki, cins olmayan heyvanların azalması, cins heyvanlarla əvəz olunması prosesi gedir. Burada məqsəd az sayda heyvan saxlamaqla daha çox ət-süd istehsalına nail olmaqdadır. Cins heyvanlardan süni mayalanma ilə doğulan 1 buzova görə 100 manat subsidiya da müəyyən olunub. Lakin əldə olunan göstəricilərdən aydın olur ki, əkin sahələrini genişləndirmək hesabına heyvandarlığın sürətli tənəzzülü fonunda cins mal-qara sayında artım çox zəif gedir. 2023-cü ildə Azərbaycanda şafqanlı cins heyvan sayı 35 min baş olub.
Halbuki ölkənin ətlə tam təminatı üçün bu sayın ən azı 150 min başa çatdırılması tələb olunur. Hökumət 2030-cu ildə belə heyvan sayını 85 min başa çatdırmağı hədəfləyir. Buna nail olmaq üçün yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanların dövlət dəstəyi ilə güzəştli satışının davam etdirilməsi nəzərdə tutulur. 2024-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 24,1 min baş iribuynuzlu mal-qara, 15,8 min baş qoyun və keçi mövcud olub.2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi vardı. Bu isə o deməkdir ki, bir il ərzində damazlıq mal-qaranın sayında 4 dəfəyə yaxın artım olsa da, qoyun-keçi sayında azalma qeydə alınıb.
Halbuki ölkənin ətlə tam təminatı üçün bu sayın ən azı 150 min başa çatdırılması tələb olunur. Hökumət 2030-cu ildə belə heyvan sayını 85 min başa çatdırmağı hədəfləyir. Buna nail olmaq üçün yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanların dövlət dəstəyi ilə güzəştli satışının davam etdirilməsi nəzərdə tutulur. 2024-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 24,1 min baş iribuynuzlu mal-qara, 15,8 min baş qoyun və keçi mövcud olub.2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi vardı. Bu isə o deməkdir ki, bir il ərzində damazlıq mal-qaranın sayında 4 dəfəyə yaxın artım olsa da, qoyun-keçi sayında azalma qeydə alınıb.
Rəsmi rəqəmlər göstərir ki, heyvandarlığın sıxışdırılması hesabına bitkiçiliyin inkişafı, heyvandarlıq sahəsində inhisarçı iri təsərrüfatların önə çıxarılması siyasəti dayandırılmasa, yaxın və ortamüddətli dövrdə Azərbaycanın mal və quzu ətilə təminatında idxaldan asılılığı artacaq. Bu isə ölkənin ərzaq təhlükəsizliyi baxımından yeni çağırışların formalaşması deməkdir...
Mənbə: Musavat.com