Azərbaycan beş il iki aylıq fasilənin ardından Çindən yemiş tədarükünü bərpa edib. Bu ilin yanvar-may aylarında Azərbaycana 86 min ABŞ dolları dəyərində 120,23 ton yemiş idxal edilib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində iki dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur. Qeyd edək ki, yemişi təkcə Çindən idxal etmirik. Hesabat dövründə Azərbaycan İrandan 61,32 min ABŞ dolları dəyərində 87,66 ton, Türkiyədən 19,39 min ABŞ dolları dəyərində 27,7 ton, Braziliyadan 4,66 min ABŞ dolları dəyərində 4,66 ton, Kosta-Rikadan 0,2 min ABŞ dolları dəyərində 0,2 ton yemiş alıb.
Heç kimə sirr deyil ki, Azərbaycanın özünün keyfiyyətli yemiş sortları mövcuddur. Hər il bostan mövsümü ərzində yetişdirdiyi yemişi, qarpızı sata bilməyən fermerlərin şikayətlərini eşidirik. Bəs özümüzdə bolluqdursa, yetişdirə biliriksə, yemişi niyə xaricdən idxal edirik?
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, sahələrdə yemiş hələ yeni yığılmağa başlayır: "Azərbaycanın qədim altı yemiş sortları bərpa olunub. İtməkdə olan "Reyhani”, "Şahnəzər”, "Qəndi”, "Boz Dəli”, "Sineyvaz” və "Uzundadaş” yemiş sortlarının bərpası həyata keçirilib. Bizdə yemişin yığımı hələ indi başlayıb. Bir həftədən çoxdur ki, sahələrdən yığılır. Sahədə yemişin kiloqramı 15-20 qəpikdir. Pərakəndə satışla yerli yemişin kiloqramı hazırda 75 qəpikdir”.
Sözçünün məlumatına görə, yemiş daxili bazara çıxarılmaq üçün gətirilməyib: "Hansısa sahibkar xaricdən məhsul gətirə bilər. Ölkəmizdə yemiş olmayan dövrdə hansısa sahibkarın gətirməsi ehtimalı var. Ehtimal var ki, bu yemişlər yanvar ayında gətirilib. Çünki həmin dövrdə özümüzdə olmur. 120 ton çox kiçik həcmdir. Supermarketlər də gətirmiş ola bilər. Çindən ölkəmizə yemiş gətirmək hədsiz baha başa gələr. Həmin yemişi də bazara çıxarsaq, gərək kiloqramını 10-15 manata sataq. Onu da heç kim almaz. O səbəbdən daxili bazara çıxarmaq üçün gətirilməsi sərf etmir”.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, yemiş istehsalımız kifayət qədər çoxdur: "Azərbaycanda kifayət qədər bostan və tərəvəz bitkilərinin əkiləcəyi torpaqlar mövcuddur. Yemiş və qarpızla bağlı xüsusilə Mərkəzi Aran rayonlarında münbit şərait var. May-sentyabr aylarından yemiş bazara çıxarılır. Öz məhsullarımız daxili tələbatımızı ödəyir, hətta Rusiyaya da ixrac edirik. Keyfiyyəti də çox yüksəkdir. Kürdəmir, Ucar, Zərdab rayonlarının yemiş ənənələri çox qədim dövrü əhatələyir. Həmin ərazilərdə qədim yemiş sortlarının bərpası ilə bağlı işlər görülür. Kəndlərimiz var ki, 1000 hektar sahədə yemiş əkilir”.
Sədr qeyd etdi ki, yanvar-may ayları ölkəmizdə yemiş istehsalı olmur. Ona görə digər ölkələrdən ixracı labüddür: "Qeyri-mövsüm vaxtı digər ölkələrdən gətirilə bilər. Bu, bütün ölkələrdə baş verən prosesdir. Çünki yanvar-mart aylarında ölkəmizdə yemiş yetişdirilməsi mümkün deyil. Bu bitkinin istiliyə ehtiyacı var. Çinin də cənub hissəsində bəzi bölgələri var ki, isti ərazilərdir və orada məhsul tez yetişir. O səbəbdən də oradan ixrac olunur. Hazırda ölkəmizə yemiş ixrac olunmur. Çünki kifayət qədər istehsal mövcuddur. Hansısa sahibkar kənardan gətirsə də, onu heç kim almayacaq”.
İqtisadçı Emin Qəribli isə düşünür ki, istehsalçılar daha rəqabətli məhsullarla bazarı ələ almalıdırlar: "Azad bazar sistemidir və istənilən ölkədən məhsullar gətirilə bilər. Bizdə istehsal varsa, bu o demək deyil ki, bütün məhsulları özümüz yetişdirməliyik. Bu, mümkünsüzdür. İstehsalçılar rəqabət qabiliyyətli məhsullar istehsal etməlidir. Əgər xaricdən yemiş gətirmək ehtiyacı yaranıbsa, yəqin ki, bazarı tam təmin etmək mümkün olmayıb. Daxili bazarda tələbat varsa və yerli məhsul da bunu ödəyə bilmirsə, burada heç bir problem yoxdur. Ola bilər ki, istehsalçılar lazımi sortları yetişdirə bilmirlər. Müəyyən vərdişləri olmadığı üçün rəqabət qabiliyyətli məhsul istehsal edilmir. Yemişin qiyməti elə də yüksək olmadığı üçün rentabelli deyil və fermerlər də o qədər diqqət etmirlər. Bu da normal haldır. Hansı sahələr daha rentabellidirsə, onlara diqqəti daha çox ayırmalıyıq”.
E.Qəribli bu sahədə görülməli olan işlərdən də danışdı: "Daxili istehsalçıları qorumaq üçün müəyyən tədbirlər görülə bilər. Bunlardan biri də idxalın qarşısını almaqdır. Amma bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qəbul olunmaya bilər. Əgər həqiqətən də daxili bazarın mühüm hissəsi idxal məhsullarından təşkil olunubsa, bu zaman müvafiq icra orqanları diqqət yetirməlidirlər. Daxili istehsalçıların rəqabət qabiliyyətinin artırılması üçün müvafiq tədbirlər görülməlidir”.
Mənbə: "Kaspi" qəzeti