"Kontakt Home" mağazalar şəbəkəsinin Gəncə filialı məhkəməyə verilib.
Qaynarinfo.az xəbər verir ki, iddiaçı Əhmədova Əntiqə İbrahim qızıdır.
Onun iddiasına Gəncə Şəhər Məhkəməsində baxılacaq. İş hakim Camal Quliyevin icraatındadır. Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
"Kontakt Home" mağazalar şəbəkəsi elektronika və məişət texnikasının idxalı və satışını həyata keçirir. Mağazalar şəbəkəsinin sahibi "ABC Telecom" şirkətidir. Bu şirkətin isə deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir. Yerli mediada da şirkətin deputata məxsus olması haqqında məlumatlara rast gəlinir. Bu məlumatlar indiyədək təkzib edilməyib.
Elnur Allahverdiyevlə bağlı bioqrafik məlumatlarda onun 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. Bu fakt şirkətin deputata sahib olması barədə məlumatların əsassız olmadığı qənaətini bir qədər də gücləndirir.
Elnur Allahverdiyev 2020-ci ildə növbədənkənar parlament seçkilərinə qatılıb. O, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat mandatı qazanıb.
Elnur Allahverdiyev parlamentdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edib. Sentyabrda keçiriləcək parlament seçkilərində isə YAP-ın namizədlər siyahısında onun adına rast gəlinməyib. Bu isə müəyyən mülahizələrə səbəb olub. Güman edilir ki, Elnur Allahverdiyev 4 illik deputatlıq faəliyyəti ilə hakim partiyanın etimadını doğrulda bilməyib.