Naxçıvan şəhərinin mərkəzindəki “Sabir bağı” adlanan ərazidə 100 illik ağaclar kütləvi məhv edilir. Burada Zəfər parkının salınacağı və dəmir yumruq abidəsinin ucaldılacağı bildirilir. Bu məqsədlə bir hektardan çox ərazi hasarlanıb, 10-larla ağac kökündən çıxarılıb, yaşıllıq tamamilə məhv edilib. Yaşı on illiklərlə ölçülən bağın dağıdılması yerli əhali arasında narazılığa səbəb olub.
MillətinSəsi.info xəbər verir ki, 80 yaşlı Naxçıvan şəhər sakini Əli Nəsirov “Gündəlik Naxçıvan”a deyib ki, bu bağla bağlı çoxlu gənclik xatirələri var.
Onun sözlərinə görə, bu bağı məhv etməklə, yaşlı nəslin xatirələrinin də üzərindən xətt çəkirlər:
“Bağın sökülməsi, buradakı ağacların kütləvi şəkildə məhv edilməsi şəhər əhalisində ciddi narazılıq yaradıb. Sovet vaxtı bu bağda Sabir adına kinoteatr yerləşirdi. Oraya kinoya gedərdik. Bağ da el arasında adını oradan götürüb. Sonradan kinoteatrı söküb, gənclik mərkəzi yaratdılar. İndi də oranı hasarlayıb, bağı tamamilə məhv edirlər. Demək olar ki, bütün şəhər əhalisi bu addıma görə çox məyus olub. Əhaliyə orada nə tikildiyi ilə bağlı məlumatlar da vermirlər. Əhali arasında fərqli məlumatlar dolaşır. Zəfər parkı salındığı da deyilir“.
Adının çəkilməsini istəməyən digər şəhər sakini deyir ki, təzyiqlə üzləşəcəklərindən qorxub, ağacların kəsilməsinə kütləvi etiraz edə bilmirlər:
“Bütün şəhər əhalisi narazıdır. Amma qorxudan danışa bilmirlər. Çünki danışanı, narazılıq edəni dövlət tədbiri əleyhinə çıxmaqda günahlandırıb həbs edir, işdən çıxarır, ailəsini incidirlər. Abadlığın, hansısa zəfər parkının salınmasının, hansısa abidənin qoyulmasının əleyhinə deyilik. Lakin, bunu başqa əraziyə də salmaq olardı. Hətta o ağacları məhv etmədən də imkan var idi ki, orada nələrsə tikib, nələrsə yerləşdirib, adını “Zəfər parkı” qoysunlar“.
Məsələ ilə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq olmayıb.