Azərbaycanda işlənmiş avtomobil alanlar yürüş fırıldağından necə qoruna bilərlər?

 17-07-2024

Azərbaycanda işlənmiş avtomobil alanların ehtiyat etdikləri məsələlərdən biri maşının göstərilən yürüşünün ("probeq") orijinal olub-olmamasıdır.

Sirr deyil ki, təzə avtomobil almağa imkanı çatmayanlar arzularını köhnə maşın almaqla reallaşdırırlar və bu zaman bacardıqca kilometrajı az olan (150-200 min km-dən çox getməmiş) nəqliyyat vasitəsi əldə etməyə çalışırlar.

Bunu avtomobilini satmağa çalışanlar da yaxşı bilirlər və maşını satışa çıxarmazdan əvvəl onun yürüşünü azaltmağa çalışırlar. Bəs bu cür fırıldaqdan necə qorunmaq olar? Kilometrajı dəyişmək bazara necə təsir edir?

"Report.az" bununla bağlı araşdırma aparıb.

Avtomobil bazarı üzrə ekspert Elnar Rzayev deyir ki, yürüşün saxta olub-olmadığını yoxlamaq üçün bir sıra üsullar var:

"Məsələn, Azərbaycanda rəsmi dilerlərə məxsus servislərdə hər bir avtomobillə bağlı elektron tarixçə olur. Bu tarixçədə avtomobilə hansı kilometrajda hansı texniki qulluqların edildiyi qeyd olunur və beləcə, maşının real olaraq neçə km hərəkət etdiyini bilmək olur. Həmin məlumatlar avtomobilin sahibindəki servis kitabçalarında da olur və onların hesabına "probeq"in orijinal olub-olmadığını öyrənmək mümkündür".

Ekspertin fikrincə, yürüşün saxtalaşdırılması istənilən halda avtomobil bazarına mənfi təsir edir, işlənmiş maşınların sahiblərinə inamsızlıq yaradır, maşınların real dəyərindən baha qiymətə alınmasına və maliyyə itkisinə səbəb olur:

"Yəni avtomobil alıcıları faktiki istifadə müddətini və vəziyyətini öyrənə bilmədikləri üçün alış-verişdə tərəddüd edirlər. Etibarsızlıq həm də bazarda avtomobil qiymətlərinin enməsinə və alıcıların daha diqqətli olmasına gətirib çıxarır. Alıcılar kilometrajı geri çəkilmiş avtomobillər üçün daha yüksək qiymət ödəyirlər, lakin avtomobilin faktiki texniki vəziyyəti ilə bağlı yanlış təsəvvür əldə edirlər. Bu isə alıcıların maliyyə itkilərinə səbəb olur. Satıcılar da saxta kilometrajlı avtomobilləri satmaqda çətinlik çəkirlər və bazarda nüfuzlarını itirirlər. Kilometrajın geri çəkilməsi qanunsuz hərəkət olduğuna görə bununla məşğul olan şəxslər ciddi problemlərlə üzləşə bilərlər".

E.Rzayev kilometrajı geri çəkməklə bağlı müxtəlif şəxslərin göstərdiyi xidmətin qiymətinin standart olmağını da bildirib:

"Bunun xərci bir neçə amildən asılıdır. Məsələn, müasir avtomobillərdə mürəkkəb elektron sistemlər var və onlarda kilometrajı geri çəkmək çətin və bahalıdır. Köhnə modellərdə bu, asan və ucuzdur. Müasir avtomobillərdə kilometrajı geri çəkmək üçün xüsusi proqramlar və cihazlar satılır. Bu cihazların qiymətləri 100 manatdan 1 000 manata qədər və daha yüksək olur. Köhnə avtomobillərdə isə mexaniki müdaxilə ilə kilometrajı geri çəkmək mümkündür.

Bəzi peşəkarlar bu xidməti göstərir və onların qiyməti xidmətin mürəkkəbliyinə görə dəyişir, müasir avtomobillərdə 100-500 manat və yaxud daha çox ola bilər. Mexanik müdaxilənin qiyməti isə (köhnə avtomobillər üçün) 50-200 manatdır. Kilometrajı geri çəkmək qanunsuz olduğuna görə, bu əməliyyatı yerinə yetirən şəxslər əlavə təhlükəsizlik tədbirləri görə və gizliliyi təmin etmək üçün əlavə xərclər çəkə bilər".

 

Bənzər yazılar

0.058132886886597