Hüquqi şəxslər “Yelo Bank”dakı depozitlərini geri götürürlər – 4 dəfədən çox azalma var

 16-07-2024

Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin ilk yarısı üçün maliyyə hesabatlarını açıqlayıblar.

Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklardan birində – “Yelo Bank”ın depozit portfeli kəskin şəkildə azalıb.

Ötən ilin iyul ayının 1-nə olan məlumata görə, hüquqi və fiziki şəxslərin “Yelo Bank”da yerləşdirdiyi depozitlərin həcmi 1 milyard 292 milyon manat olub.

Lakin, bu ilin iyul ayının 1-nə olan məlumatda göstərilir ki, depozitlərin həcmi son bir ildə 60% və ya 484 milyon manat azalaraq  807 milyon 768 min manata düşüb.

Son bir il ərzində fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi artsa da, hüquqi şəxslərin depozitləri 4 dəfədən çox azalıb. Ötən ilin ilk yarısının sonunda hüquqi şəxslərin “Yelo Bank”da yerləşdirdiyi depozitlərin həcmi 721 milyon manat olduğu halda, bu ilin ilk yarısının sonunda 173 milyon manata düşüb.

Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.

2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub. Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib. 2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Hazırda bank səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.

Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank” ASC-nin bu ilin ilk yarısı ərzindəki mənfəəti 26 milyon manat olub və bu göstəriciyə görə banklar arasında 7-ci sırada qərarlaşıb.

Elnur Əli

Bənzər yazılar

0.063791990280151