6 ayda 27 milyard manatı nələrə xərcləmişik?

 10-07-2024

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 36,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Ölkə.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.

I yarımildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 12,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,4% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4%, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 2,1% artıb.

6 ay ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.

Bənzər yazılar

0.058385133743286