Bakı-Pekin strateji tərəfdaşlığı mühüm əhəmiyyət kəsb edir - AÇIQLAMA

 04-07-2024

“Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir”. 

Bu fikirləri  Ölkə.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.


Deputat bildirib ki, ŞƏT-in 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. 
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. "Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir", - o qeyd edib.
 Deputat əlavə edib ki,  Prezident İlham Əliyev sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşüb: "Bu baxımdan, dövlətimizin başçısının Çin lideri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Astanada  Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bəyannamədə qeyd olunduğu kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Eyni zamanda, münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Həmçinin, Azərbaycanla Çin insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşıdır".


Sevinc Fətəliyeva qeyd edib ki, Çin lideri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib: "Eyni zamanda,  COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub. “Ümumiyyətlə, COP29 ərəfəsində ŞƏT-in sammitinin keçirilməsi də böyük önəm kəsb edir. Məlumdur ki, ŞƏT üzvlərinin mütləq əksəriyyəti rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsinə dəstək ifadə ediblər. Sammit çərçivəsində keçirilən görüşlərdə və çıxışlarda COP29-un diqqət mərkəzində olması da mühüm məqamlardan xəbər verir. Çünki qlobal iqlim dəyişiklikləri bütün dünyanı narahat edir. Bu baxımdan, məsələnin ŞƏT-in gündəmində olması da əhəmiyyətlidir”,- Sevinc Fətəliyeva vurğulayıb. 


Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.10005688667297