Ana məktəbli oğlunun qəsdən öldürüldüyünü iddia edir

 29-06-2024

Nigar Əliyeva: “Oğlunun cəsədi ekshumasiya olunmayanadək məzarını düzəltdirməyəcəm”

“Mənim övladım 16 yaşını torpağın altında qeyd elədi. Ancaq onu öldürənlər azadlıqda, gözümün önündə əllərini-qollarını sallayıb gəzir”.

Bu il mayın 6-da Tərtərdəki 2 saylı məktəbin 9-cu sinif şagirdi Aslan Əliyev həyatını itirib. Məktəblinin ölümüylə bağlı indiyədək müxtəlif versiyalar dolaşıb. Baş Prokurorluqsa həmin gün iki məktəbli arasında mübahisə baş verməsi, Aslan Əliyevin huşsuz vəziyyətdə xəstəxanaya götürülməsi və orada keçinməsi barədə məlumat yayıb. Ancaq Aslan Əliyevin anası Nigar Əliyeva iddia edir ki, rayonun istintaq orqanıyla ekspertiza qurumu birləşərək məktəblinin əsl ölüm səbəblərini ört-basdır etməklə məşğuldur.

O, Meydan TV-yə danışır ki, hadisədən iki aya yaxın vaxt ötməsinə baxmayaraq, övladının ölüm işi ilə bağlı etdiyi müraciətlər nəticə verməyib: “Oğlum 5 saylı məktəbin şagirdi (azyaşlı olduğuna görə hadisədə adı keçən şagirdin adını qeyd etmirik) tərəfindən öldürülüb. Həmin uşaq da tək olmayıb. 4-5 məktəbli olub, zəng edib oğlumu məktəbdən çölə çağırıblar. Məktəbin qabağındakı şəhid bulağının yanında döyüb, öldürüblər”.

Ana iddia edir ki, rayon prokurorluğu hadisənin əsl səbəbini ört-basdır etmək üçün ekspertiza rəyini saxtalaşdırılıb: “Tərtərin prokuroru Əli Qurbanova sual verirəm ki, uşağımı öldürəni niyə həbs etmirsiz? Deyir, azyaşlıdır, qanun yol vermir, həm də oğlunun üzərində xəsarət yox idi. Deyir, uşaq xəstəxanada keçinib. Halbuki, mən xəstəxanada olanda dedilər ki, uşağın ölüsünü gətiriblər bura. Elektroşok ediblər, ayılmayıb, aparıb morqa qoyublar. Prokurorluqla ekspertiza idarəsi sözü bir yerə qoyublar, uşağın qətlini ört-basdır etməklə məşğuldurlar”.

Ailəyə Aslan Əliyevin ürək çatışmazlığından öldüyü bildirilib. Ana bu rəylə razılaşmır. Deyir ki, Aslan heç vaxt ürəyindən şikayətçi olmayıb: “Uşağa ürək, ağciyər çatışmazlığı diaqnozu qoyublar. Mən də tələb edirəm ki, ölkədəki bütün poliklinikalara, xəstəxanalara sorğu göndərilsin, görsünlər bu uşaq ömründə bircə dəfə də olsa hansısa xəstəliyə görə müayinədən keçibmi, müalicə alıbmı? Mənim uşağımın heç bir xəstəliyi olmayıb. Məktəbdəki kameralardan da görünür ki, Aslan sağlam şəkildə məktəbin darvazasından çıxır. Ölümündən bir gün əvvəl Bərdədə 3 saylı məktəbdə texnikuma qəbula görə imtahan verib. Üç saat imtahanda oturub, elə ürəyi tutsaydı, orada tutardı. Belə saxta rəylə cinayəti törədəni işin içindən uzaq tuturlar”.

Nigar Əliyeva oğlunun ölümündə təhsil aldığı məktəbin rəhbərliyini və müəllimini də günahkar bilir: “Uşaqla maraqlanan olmayıb. Kimya dərsindəymiş, uşağa səs göndəriblər ki, çıx çölə, uşaq da onlarla yazışırmış, səs atırmış. Kimya müəllimi dedi ki, Aslan telefonda kiminləsə mübahisə edirdi, sonra beş dəqiqəlik icazə alıb sinifdən çıxdı, bir də geri qayıtmadı. Ancaq nədənsə müəllim mübahisəyə görə çölə çıxan və geri qayıtmayan uşaq üçün narahat olmayıb. Bir də eşidiblər ki, uşağın ölüsü xəstəxanada morqdadır”.

Ananın deməsinə görə, Tərtər Rayon Prokuroluğunda vəkilinin və onun iştirakıyla oğlunun telefonunun yaddaşı incələnib. Ona məlum olub ki, oğluna ölümündən az əvvəl 5 saylı məktəbin şagirdi tərəfindən hədələyici səsli ismarıclar gəlib. Həmin şagird aralarındakı mübahisəni çözmək üçün Aslanı çölə dəvət edib. Ana deyir, oğlu ölümündən beş gün əvvəl də hədələnirmiş. Son günlər kefsiz gəzir, vaxtını daha çox evdə keçirirmiş. Ananın sözlərinə görə, məktəblilər arasında mübahisə qız üstündəymiş.

Nigar Əliyeva media vasitəsilə Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun ölüm işi ilə bağlı istintaqın Tərtər Rayon Prokurorluğundan alınıb Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsini xahiş edir: “Oğlumun cəsədi ekshumasiya olunmayanadək məzarını düzəltdirməyəcəm. Çünki qəbrin açılmasını, təkrar ekspertiza keçirilməsini istəyirəm. Mənim uşağım ömrünün çiçəkləyən çağında qara torpağa getdi, onun ömrünü yarı yolda qoyanlarsa əl-qollarını sallayıb gözümün önündə gəzir”.

Tərtər Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, bu il mayın 6-da yeniyetmə Aslan Əliyevin ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilib, şahidlər dindirilib. Hazırda ibtidai istintaq davam edir. İstintaq başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Hadisə baş verən vaxt yayılan rəsmi məlumatda bildirilirdi ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova mediaya bildirmişdi ki, məktəbin 9-cu sinif şagirdi Əliyev Aslan Mahir oğlu ikinci dərsdən sonra tənəffüs zamanı nəzarətçidən yayınaraq məktəbdən çıxıb. Bir qədər sonra onun ölüm xəbəri yayılıb.

Direktor bildirib ki, Aslan zəif oxuyan şagird olsa da, təbiətcə sakit və tərbiyəli olub.

Bənzər yazılar

0.10766005516052