Şarl Mişel: “Bu formatda növbəti görüş noyabrın sonunadək baş tutacaq”

 31-08-2022

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən üçtərəfli görüşdən sonra rəsmi bəyanat verilib.

Mətbuat üçün bəyanatı Şarl Mişel yayıb.

O qeyd edib ki, bugünki görüş bu formatda sayca dördüncü müzakirədir.

“Müzakirələrimiz Cənubi Qafqazdakı son hadisələrə və Aİ ilə hər iki ölkə arasındakı münasibətlərə həsr olunub. Bizim fikir mübadiləsimiz açıq və məhsuldar oldu və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Biz gündəliyimizdə olan bütün məsələləri nəzərdən keçirdik. Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün bir çox addımlar atılıb”, - deyə məlumatda vurğulanıb.

Sənədə əsasən, tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üzrə əsaslı işi gücləndirmək barədə razılığa gəliblər və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək tapşırılıb.

Görüş zamanı həmçinin sərhədin delimitasiyası ilə bağlı bütün məsələlər üzrə mövcud irəliləyişlər qeyd olunub, regionda vəziyyətin sabitləşdirilməsi variantları nəzərdən keçirilib.

İclas iştirakçıları delimitasiya komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəliblər, həmçinin nəqliyyat marşrutlarının blokdan çıxarılması üçün bir sıra şərtləri müzakirə ediblər.

Bundan əlavə, bəyanatda hər iki ölkənin əhalisinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi vurğulanıb.

“Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da artırmağa hazırdır. Aİ həmçinin hər iki ölkənin firavanlığı və xalqının rifahı üçün iqtisadi inkişafı təşviq etməkdə israrlıdır”, - bəyanatda bildirili.

Sonda tərəflər noyabrın sonunadək bu formatda yenidən görüşmək barədə razılığa gəliblər.

Bənzər yazılar

0.21406197547913