"Mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 1,8 milyon sənəd rəqəmsallaşdırılıb".
Oxu.Az xəbər verir ki, bunu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi və əmlakın qeydiyyatında yeni islahatlar" mövzusunda sahibkarlarla görüşdə deyib.
O qeyd edib ki, yeni yaradılacaq sistemdə qeydiyyat üçün əsas olan sənədlər altsistemi nəzərdə tutulub:
"Hazırda arxivimizdə 840 min sənəd var ki, bunların rəqəmsallaşdırılaraq sistemə daxil edilməsinə başlanılıb.
Bizim qurumun 2 milyon 700 min sənədi də sistemə daxil ediləcək və bu, yerləşdirilməli olan sənədlərin çox az bir hissəsidir. Digər dövlət qurumlarının da sənədlərinin bu sistemə daxil edilməsi nəzərdə tutulub".
E.Məmmədov qeyd edib ki, hər bir şəxs və ya qurumlar öz identifikasiya, yaxud VÖEN kodunu daxil edərək sistemə giriş etdikdə həmin sənədləri əldə edə biləcəklər. Onun sözlərinə görə, daxil ediləcək sənədlərin çoxluğu nəzərə alınaraq və ya müəyyən səbəbdən ola bilər ki, hər hansı vətəndaş yeni sistemdə öz sənədini tapa bilməsin:
"Buna görə Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemində sənədləri tapılmayan şəxslər üçün sorğu altsistemi olacaq. Məsələn, vətəndaşa 1969-cu ildə Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən order verilib. Order kağız formasında vətəndaşdadır, lakin sistemdə rəqəmsal formada tapa bilmir. Belə hallarda vətəndaş kimliyini qeyd edərək sorğu ünvanlaya bilər. Bu zaman yeddi gün ərzində sənəd rəqəmsallaşdırılaraq sistemə daxil edəcək. Yeni sistem eyni mənzilin bir neçə nəfərə satılmasını aradan qaldıracaq".
O qeyd edib ki, yeni sistemdə mənzil altsistemi olacaq ki, bu da vətəndaşların ən çox gözlədiyi məsələlərdən biridir:
"Bu altsistem mənzillərin bir neçə nəfərə satışı, mənzil-tikinti kooperativləri (MTK) tərəfindən bəzən mənzilin sahəsinin fərqli hesablanması kimi problemlərin qarşısını alacaq. Həmçinin, mənzil istismara qəbul olunana qədər mənzil almış şəxslər onu alqı-satqı etməkdə çətinlik çəkirlər. Amma çoxmənzilli yaşayış binalarının tikintisinə icazə alındığı andan etibarən həmin binaların imitasiyası sistemdə yaradılacaq. Bununla da hər bir MTK, hüquqi və fiziki şəxs mənzil tikdiyi an onun ilkin satışını sistem vasitəsilə həyata keçirə biləcək".