Sumqayıt Tibb Mərkəzi "Sunset" istirahət mərkəzindəki partlayış zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumatda deyilir:
"Bildiririk ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb".
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.