Şəhərin bəzi kənd və qəsəbələrində marşrut avtobusları sərnişin tam yığılmamış hərəkət etmir. Xüsusilə də, axşam vaxtlarında bir neçə sərnişin olan avtobus 15-20 dəqiqə, bəzən yarım saat gözləyir.
Səbəb kimi “3 nəfərlə getmək sərf eləmir, bir az adam yığılsın” kimi ifadələr səsləndirirlər. Buna nümunə olaraq 56 nömrəli marşrut avtobusunu göstərmək olar. Ancaq bu nümunə tək deyil və kənd və qəsəbələrə gedənlərin axşam saatlarında bir çoxunun üzləşdiyi problemdir.
Bəs qəsəbə və ya kəndlərdən hərəkət edən marşrutların hərəkət vaxtı necə müəyyənləşir?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, marşrutların dolmadan hərəkət etməməsi uzun müddətdir problemlər yaradır:
“Bunu marşrut avtobusunun boş olması və iqtisadi cəhətdən səmərəli olmaması ilə əlaqələndirirlər. Burada problem hərəkətin təşkilinin düzgün qurulmamasına bağlıdır. Nəticə olaraq da, insanların marşrut avtobuslarından istifadəyə etibarı azalır. İnsanların az olduğu vaxtlarda belə, marşrutların qrafiki tənzimlənməlidir ki, insanlar marşrutlardan daha çox istifadə etməyə sövq etsin. Bu, intervalların düzgün bölünməməsindən irəli gəlir”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, 56 nömrəli marşrut üzrə 5 avtobusun 6-7 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulub və AYNA tərəfindən daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.
Bundan başqa AYNA-dan bildirilib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanır.
Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.
“Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir” – deyə qurumun məlumatında qeyd olunur.
© Valyuta.az