Tağı Əhmədova qarşı iki milyonluq dələduzluq işi yenidən məhkəmədə

 24-05-2024

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova iki milyon manat dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.

Musavat.com-un məlumatına görə, məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb və onun işi üzrə artıq hökm çıxarılıb.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

İş materiallarında iddia olunur ki, təqsirləndirilən Səadət Xəlilov iki milyon manatı 200 min, 800 min və bir milyon manat olmaqla, üç dəfəyə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən alıb. Zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. O, Tağı Əhmədovun dostudur.

Səadət Xəlilov isə bildirib ki, o, pulu Tağı Əhmədovdan alıb, Soltan Əliyev sadəcə vasitəçilik edib:

"Tağı Əhmədov pulu sələmlə vermişdi, əvəzində ona aylıq faiz ödəyirdi".

Tağı Əhmədov özü də bu iş üzrə istintaqda şahid qismində dindiriləndə pulun ona məxsus olduğunu etiraf edib.

Səadət Xəlilov və vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, Tağı Əhmədov çağırılıb dindirilsin. Onunla Səadət Xəlilov arasındakı telefon danışıqları araşdırılsın. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxs və vəkili də bundan narazı qalıb.

Səadət Xəlilovun vəkili məhkəmədə bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib.

Vəkil bildirib ki, məhkəmədə bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmayıb. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov dindirilməyib:

"Verilən vəsatətlərin heç biri təmin olunmadı. Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur. Məhkəmə əvvəldən öz mövqeyini ortaya qoyur ki, nəyin bahasına olursa olsun, Səadət Xəlilov haqqında ittiham hökmü çıxarılacaq. İfadələrdə dəfələrlə Tağı Əhmədovun adı keçir. İş materiallarında da özünün ifadəsi var. Amma müsahibəsində deyir ki, mən istintaqa çağırılmamışam, həmin ifadəni şübhə altına alır. Buna baxmayaraq, məhkəmə onu çağırıb dindirməkdən imtina edir. Aydınlaşdırmalıdır ki, iş materiallarındakı ifadə kimindir".

Qeyd edək ki, Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra "qaynarinfo" saytına müsahibə vermişdi.

Həmin müsahibədən sitat:

"Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.

Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Mən də iki milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən iki mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. İki milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.

Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədir. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram".

Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov doqquz il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini bir il azaldaraq səkkiz ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

Bənzər yazılar

0.10637879371643