Fransanın siyasəti və davranışı qeyri-adekvatlığın və məntiqsizliyin pik həddinə çatıb.
Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov deyib.
Deputat bildirib ki, bəşəriyyətin hazırkı tərəqqisinə və inkişafına baxmayaraq, dünyanın bir sıra regionlarında özünün tam müstəqilliyinin, suverenliyinin, sərbəst siyasi və iqtisadi idarəçiliyinin əldə edilməsi uğrunda hələ də mübarizə aparan xalqlar var.
“Lakin insan haqlarını və demokratik dəyərləri canfəşanlıqla təbliğ edən, özünü azadlığın carçısı kimi uğursuzluqla təqdim edən Fransa öz keçmiş koloniyalarının ərazilərində həmin xalqları sıxışdırır, çirkin müstəmləkəçilik siyasətini davam etdirir.
Bu siyasətin Yeni Kaledoniyada açıq-aşkar büruzə verməsinin bu gün hamımız şahidiyik. Fransa yerli kanak xalqının iradəsinə zidd olaraq seçki qanunvericiliyinin dəyişdirilməsi yolu ilə məcburi assimilyasiyanı həyata keçirməyə, bu xalqın etirazlarını qan içində boğmağa, adanın müstəmləkə statusunu saxlamağa cəhdlər göstərir. Paradoksaldır ki, bütün bunlar XXI əsrdə dünya birliyinin gözü önündə baş verir və onun susqunluğu ilə davam edir.
Bununla yanaşı, Fransa öz müstəmləkəçilik siyasətinə haqq qazandırmaq üçün yüksək hakimiyyət nümayəndələri, xüsusilə də daxili işlər naziri vasitəsilə Yeni Kaledoniyada baş verən hadisələrə görə günahı utanmazcasına Azərbaycanın üzərinə atmağa çalışır”, - o qeyd edib.
Deputat əlavə edib ki, Yeni Kaledoniyada yerli kanak xalqının hüquqlarını məhdudlaşdıran konstitusiya referendumunu kəçirən, məcburi assimilyasiyanı aparan, adaya polis qüvvələrini yeridən Fransadır, “günahkar” isə Azərbaycandır: “Qənaətimiz budur ki, Makronun rəhbərlik etdiyi Fransanın siyasəti və davranışı qeyri-adekvatlığın və məntiqsizliyin pik həddinə çatıb.
Fransa hökumətinə xatırlatmaq lazımdır ki, çoxillik müstəmləkəçilik siyasəti dövründə yerli xalqların azadlıq və müstəqillik arzusunu kökündə boğmuş, beynəlxalq hüququ kobud şəkildə pozaraq insanlığa qarşı çoxsaylı cinayətlər törətmiş, milyonlarla günahsız insanı vəhşicəsinə qətlə yetirmiş məhz Fransa olmuşdur. Yeni Kaledoniyada və Fransanın əsarəti altında olan digər dənizaşırı ərazilərdə bu gün baş verən kütləvi etirazların və üsyanların yeganə və əsl səbəbi də məhz Fransanın hazırkı neokolonializm siyasətidir.
Hesab edirəm ki, Fransanın hərəkətlərinə bütün dünya birliyi tərəfindən qiymət verilməlidir, onun məstəmləkiçilik siyasətinə son qoyulmalıdır, digər dövlətlərin daxili işlərinə qarışmaq cədlərinin qarşısı alınmalıdır və ondan beynəlxalq hüquqa hörmətlə yanaşması ciddi şəkildə tələb edilməlidir”.