General və ailəsinin əmlakı müsadirə OLUNACAQMI? – Zərərçəkənlər ŞÜBHƏ EDİR

 28-08-2022

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunacağı inandırıcı görünmür.

Bu barədə Qaynarinfo-ya zərərçəkən Sərdar İsmayılov bildirib. Zərərçəkənin fikrincə, prokurorun Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunmasını istəməsi sadəcə gözdən pərdə asmaq üçündür.

“Xatırlayırsınızsa, MTN-nin digər vəzifəli şəxsi, hazırda Mövlam Şıxəliyevlə birgə mühakimə olunan Vüsal Ələkbərov birinci dəfə həbs olunanda onun da əmlaklarının müsadirə olunması istənilmişdi. Məhkəmə bu barədə qərar çıxarmışdı. Lakin yuxarı instansiyalar həmin qərarı ləğv etdi və Vüsal Ələkbərovun əmlakları müsadirə olunmadı. Güman edirik ki, Mövlam Şıxəliyevlə bağlı da belə olacaq”, deyə zərərçəkən bildirib.

Sərdar İsmayılov Mövlam Şıxəliyev və dəstəsinin onlardan hədə-qorxu yolu ilə aldıqları pulların rüşvət kimi rəsmiləşdirilməsinə diqqət çəkib:

“Həmin pullar bizdən hədə-qorxu yolu ilə alınıb. Amma istintaq və məhkəmə bu pulları rüşvət kimi rəsmiləşdirib. Guya biz haqlı olaraq həbs olunmuşuq, amma rüşvət verib azadlığa buraxılmışıq. Halbuki biz heç bir təqsirimiz olmadan, saxta ittihamlarla həbs olunmuşuq. Həbs olunmağımızın səbəbi bizdən pul qoparmaq olub. Təkcə bu fakt kifayət edir ki, Mövlam Şıxəliyev və dəstəsi barədə hökmün ədalətli olacağına şübhə edək”.

Zərərçəkən əlavə edib ki, məhkəmənin hökmü ədalətli olmayacağı təqdirdə hüquqi müstəvidə mübarizələrini davam etdirəcəklər.

Qeyd edək ki, Mövlam Şıxəliyev, MTN-nin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəisi Sahib Ələkbərovun cinayət işi üzrə növbət məhkəmə prosesi avqustun 30-da keçiriləcək. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Mövlam Şixəliyevə əmlakı müsadirə olunmaqla 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Bənzər yazılar

0.22652697563171