Zərərçəkənlər Eldar Mahmudovun İMARƏTİNƏ GEDİB- Mövlam Şıxəliyevin evi qarşısında AKSİYA

 28-08-2022

Mətbuatda şərti olaraq “MTN işi” adlandırılan cinayət dosyesi üzrə zərərçəkənlərin bir qismi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşmək üçün təşəbbüs göstəriblər. Bu məqsədlə bir neçə zərərçəkən Bakının Nardaran qəsəbəsinə, Mahmudovun imarətinin yerləşdiyi bağ massivinə yollanıblar.

Bu haqda “Yeni Müsavat”ı bilgiləndirən zərərçəkən Əfsəl Həsənəliyev sabiq nazirlə görüşmək təşəbbüsünün səbəbini açıqlayıb:
 
“Aylardır ki, Bakı Hərbi Məhkəməsində Eldar Mahmudovun ən yaxın adamı Mövlam Şıxəliyevlə digərinin bizlərə qarşı cinayətləri araşdırılır. Bu müddətdə Mövlam Şıxəliyev vəkilləri vasitəsi ilə xahiş edirdi ki, şikayət etməyək, zərərimizi ödəyəcəklər. Sonuncu dəfə də vəkili Arzu Cavadov Eldar Mahmudovun adını çəkib demişdi ki, bizə vurduqları zərəri qarşılayacaqlar. Bizdən səbirli olmağımızı istəmişdilər”.
 
Zərərçəkən bildirib ki, 1 aya yaxındır ki, onlara söz-vəd verilir, lakin real olaraq vurulan zərər haqda danışan yoxdur: “Biz gözlədik, gördük ki, bunlar köhnə oyunlarından əl çəkmirlər. Eldar Mahmudovu aradıq, dedilər, Nardaranda yaşayır. Soraqladıq, getdik, Eldarın imarətini tapdıq. Nardaran bağlarında böyük bir ərazidir, dörd bir tərəfi də hündür hasar, üstündə də kameralar. Nataraz bir darvazası da vardı. Çağırdıq, mühafizəçiləri çıxdı. Dedik ki, Mövlama söz verib ki, bizim zərərimizi ödəyəcək, biz də gəlmişik. Adlarımızı, soyadlarımızı yazıb götürdülər, telefon nömrəmizi aldılar. Dedilər ki, Eldar müəllim bizimlə əlaqə saxlayacaq”.
 
Zərərçəkən bildirib ki, sonradan onlarla əlaqə saxlanılıb: “Bizə Eldar Mahmudovun adından dedilər ki, o, bizdən alınan pullar haqda eşidib, lakin həmin pulların alınmasına heç bir aidiyyəti yoxdur. Belə çatdırdılar ki, bizlərdən alınan məbləğlər gizlədilib, yuxarıya qat-qat aşağı pul veriblər. Yəni Mövlam Şıxəliyevgil Eldar Mahmudovu aldadıblar. Eldar Mahmudov da buna görə indi yaxasını kənara çəkir ki, qoy bizlərə vurulan ziyanı da Mövlamgil ödəsinlər”.
 
Əfsəl Həsənəliyev deyir ki, Eldar Mahmudovdan bu cavabı alandan sonra bir neçə zərərçəkənlə bərabər Mövlam Şıxəliyevin “Sahil” metrosunun yaxınlığındakı evinin qarşısına gedib orada aksiya keçiriblər, onlara dəymiş ziyanın ödənməsini tələb ediblər: “Bakı Hərbi Məhkəməsində 10-cu aydır ki, Mövlam Şıxəliyev, Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə proses gedir. Bilirsiz ki, mən də daxil iş üzrə 36 Azərbaycan vətəndaşı zərərçəkən kimi tanınıb. Bu müddətdə hakim Elbəy Allahverdiyev nə qədər Mövlam Şıxəliyevin tərəfini tutsa da, bizə qarşı cinayətlərin üstünü ört-basdır edə bilmədilər. Demək olar ki, bütün cinayət epizodları üzrə ittihamlar zərərçəkənlərin, şahidlərin ifadələri ilə təsdiqini tapdı. Biz zərərçəkənlərin etirazı vurulmuş ziyanların ödənməməsi ilə bağlıdır.
 
 
Mövlam Şıxəliyev və onunla birgə mühakimə edilənlər düşünürlər ki, məhkəmə hökm verəcək, bunlar da gedib 2-3 ilə azadlığa çıxıb bizdən yaxa qurtaracaqlar. Mənim 70-dən artıq yaşım var. Uzun illər hüquq-mühafizə orqanında vəzifələrdə olmuşam. Mövlam Şıxəliyevgil məni qanunsuz həbs ediblər.
 
Bundan sonra da evimi banka girov qoyub pulunu götürüblər, mənə saxta diaqnoz qoydurmaqla azad ediblər. Amma barəmdəki qondarma cinayət işini də Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. Mən həmin vaxtdan şikayət etmişəm. 2015-ci ildə Eldar Mahmudov vəzifədən çıxarılandan sonra şikayətimə baxılıb, zərərçəkən kimi tanınmışam. 7 il keçib, bu günə qədər mənə vurulan zərəri qaytarmayıblar.
 
Evim bu gün də “Unibank”da girovdadır, pulu ödəyə bilmirəm, övladlarımla, nəvələrimlə bərabər məni yeganə evimdən çıxaracaqlar. Biz zərərçəkənlər buna görə də bu gün Mövlam Şıxəliyevin evinin qabağına gəlib bizə vurulan zərərin ödənilməsini tələb edirik".
 
Zərərçəkən Sərdar İsmayılov bildirib ki, aylardır davam edən məhkəmə prosesində onlara qarşı cinayətlərin tam və hərtərəfli araşdırılması təmin olunmur:
 
“Biz məhkəmənin ilk günündən jurnalistlərin prosesdə iştirakının təmin edilməsini tələb edirik. Hakim Elbəy Allahverdiyev faktiki olaraq bu günə qədər keçirilən prosesdə Mövlam Şıxəliyevə vəkillik edir. Indi də Mövlam Şıxəliyevə 1 ay vaxt verib ki, guya zərərçəkənlərə vurduqları ziyanı ödəyəcəklər. Bu adamlar isə oyun oynayırlar. Məndən aldıqları pula gedib özlərinə ev alıblar.
 
İndi də deyirlər ki, sizdən alınan pul rüşvətdir, bəs sizə qaytarıla bilməz. Məni qanunsuz tutublar, aylarla MTN-də girov saxlayıblar. Ailəmi məcbur ediblər ki, tələb etdikləri pulu versinlər. Sonra da saxta cinayət işini Gəncə Ağır Cinaytlər Məhkəməsinə göndəriblər, məhkəməyə təzyiq edib barəmizdə ittihamedici hökm çıxartdırıblar.
 
Bizim ölkəyə gətirdiyimiz, qaçaqmal elan etdikləri malı da Mövlam Şıxəliyev şərikləri Çingiz Ağayev və Yaşar Cabbarov vasitəsi ilə ”Sədərək" bazarında satdırıb. Mənə qarşı cinayətin tam şəkildə araşdırılmasını tələb edirəm. Eldar Mahmudovun adını çəkirlər, biz də qapısına gedirik, deyir ki, mənlik bir iş yoxdur, Mövlam Şıxəliyevlə digərilərinin cinayətidir, xəbərim yoxdur. Biz də gəlib Mövlamın evinin qabağında aksiya keçiririk. Bizə vurulan ziyanı ödəsinlər".
 
 
Zərərçəkən Hüseyn Səfərov isə ölkə rəhbərliyinə müraciət edirək onlara qarşı baş verən cinayətin tam şəkildə araşdırılmasını istəyib:
 
“Möhtərəm cənab prezident bunların bizlərə qarşı cinayətlərinə görə Milli Təhlükəsizlik Nazirliyini ləğv edib. MTN-də cinayətlərin baş tutmasında Mövlam Şıxəliyevin, bu gün onunla birgə məhkəmə qarşısına çıxarılanların və hələ də azadlıqla olanları müstəsna xidmətləri var. Bunu hər kəs bilir.
 
Mövlam Şıxəliyev sonuncu məhkəmə prosesində vəkili Arzu Cavadov vasitəsi ilə dedi ki, bizlərə vurulan ziyanı ödəyəcəklər. Şəxsən mənə ”kişi kimi söz verirəm" dedi. Əlavə elədi ki, Eldar Mahmudov razılıq verib, bizlərə vurduqları zərəri ödəyəcəklər. Eldar Mahmudovun yanına getdik, o da xəbər göndərdi ki, bu işlərə onun aidiyyəti yoxdur, pul məbləğlərində onu aldadıblar. Bizdən aldıqları pulu ona az deyiblər. Buna görə də xəbər göndərdi ki, indi canları çıxsın. Gedib sizə vurduqları ziyanı özləri ödəsinlər.
 
Biz də gəldik Mövlam Şıxəliyevin evinin qabağına. Mövlam Şıxəliyev bizdən aldıqları pullar hesabına bu evləri alıb və keçirib oğlunun, qızının, arvadının adına. Yəni onun ailə üzvləri də bizə qarşı cinayətlərdə iştirak ediblər, cinayət yolu ilə əldə olunan əmlakların leqallaşmasında müstəsna rolları var. Bizə dəyən zərəri ödəsinlər. Mövlam Şıxəliyev və onunla tutulanların barəsində ən sərt cəza çıxarılmasını tələb edirik".
 
Zərərçəkən bundan sonra Mövlam Şıxəliyevin Bakının ən müxtəlif istiqamətlərində olan evləri qarşında aksiya keçirəcəklərini də bildirib.
 
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb edib, alıblar.
 
Dedi, 1-in arxasına beş sıfır qoy, cənab nazirin göstərişidir…”
 
 
Yasin Məmmədov
 
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
 

Bənzər yazılar

0.23662495613098