Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə MillətinSəsi.İnfo-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Rusiya Federasiyasına doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılmışlar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilmişdir.
Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılmışdır.
Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına keçməyə cəhd etməsi müəyyənləşdirilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.