Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Rövşən Üzeyir oğlu Məmmədovun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bunu Oxu.Az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.