144 milyon mənimsəyən nazir hakim qarşısında – Cinayət dosyesi

 04-04-2024

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin cinayət işi üzrə məhkəməsi başlanıb. Rəfael Əliyev müttəhimlər kürsüsünə Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərovla birlikdə çıxarılıb.

Onların hər ikisi 2022-ci ilin noyabrında həbs olunsalar da, bir müddət əvvəl azadlığa buraxılıblar. Məhkəmənin hazırlıq iclasında prokuror adları çəkilən sabiq məmurların azadlıqda qalmasına etiraz etməyib, sadəcə təklif edib ki, hökm çıxarılanadək onların barəsindəki başqa yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilməsin. Rəfael Əliyevlə Mansur Əsgərovun öz vəkilləri məhkəməyə gəlmədiklərinə görə onlar dövlət hesabına vəkillə təmin olunub.

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını açıqlayacaq, ardınca da dindirmələr başlanacaq.

Rəfael Əliyev maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə maliyyə naziri təyin edilib. Həbsindən bir müddət sonra – ötən ilin yanvarında vəzifəsindən çıxarılması barədə sərəncam imzalanıb.

Rəfael Əliyev və Mansur Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Musavat.com

Bənzər yazılar

0.059147119522095