Kart hesablarınız bu yolla oğurlanır - Əhalinin DİQQƏTİNƏ!

 29-03-2024

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin son vaxtlar xakerlər iPhone modellərinə də müdaxilə edirlər. Ona görə də hansı telefondan istifadə etməyimizdən asılı olmayaraq, zərərli proqramlar təhlükə mənbəyinə çevrilə bilir.

Lakin smartfonları zərərli proqramlardan qorumağın bir sıra üsulları var.

Cihazın əməliyyat sistemini və proqramlarını mütəmadi olaraq yeniləmək lazımdır. Həmçinin naməlum mənbələrdən proqramların yüklənməsi mobil cihazlar üçün risklidir. Bu proqramlar cihaza zərər verə, şəxsi məlumatları oğurlaya və ya cihazın işinə mənfi təsir göstərə bilər.

Antivirus proqramlardan istifadə etmək də çox önəmlidir.

Bu proqramlar cihaza yoluxa biləcək virusları, troyanları, soxulcanları, casus proqramları və digər zərərli proqramları aşkarlayır və bloklayır. Saxta linklərə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır. Naməlum nömrədən gələn mesajlara və ya e-poçtlardakı naməlum keçidlərə klikləməkdən çəkinmək lazımdır. Bu bağlantılar zərərli virusların cihaza yoluxmasına icazə verə bilər.

Son zamanlar fırıldaqçılar etibarlı mənbə kimi görünən hesablardan e-məktublar göndərir və "bəzi problemləri həll etmək" üçün linklərə klikləməyi söyləyirlər. Saxta linklərə kliklədiyimiz zaman hakerlər məlumatlarımızı, kart hesablarımızı oğurlaya bilir.

Bundan əlavə həmişə güclü parollardan istifadə etmək lazımdır. Güclü parollar hesablarımızı şəxslərin və ya avtomatlaşdırılmış hücum proqramlarının girişindən qoruyur. Zəif parollar asanlıqla təxmin edilə və oğurlana bilər ki, bu da hesabların təhlükəsizliyinə xələl gətirir.

Parollar nə qədər uzun olarsa, təhlükəsizlik səviyyəsi də bir o qədər yüksək olar.

Ən azı 12 simvoldan ibarət paroldan istifadə etmək lazımdır. Parol seçərkən sadə və asanlıqla təxmin edilə bilən parollar deyil, təsadüfi sözlər, rəqəmlər və xüsusi simvollardan ibarət uzun sətirdən istifadə etmək tövsiyə edilir. Parollara hərflər, rəqəmlər və xüsusi simvollar (məsələn, !, @). , #, $, % və s.) yazmaq məsləhətlidir. Hesabların təhlükəsizliyini artırmaq üçün parolları mütəmadi olaraq dəyişmək lazımdır.

© Sfera.az

 

Bənzər yazılar

0.19546103477478