Tahir Əmiraslanovdan ağır sözlər: “Bir dəfə yaralı barmağa...” - VİDEO

 27-03-2024

“Mən Orxan Fikrətoğlunu çox yaxın adam hesab edirəm. O vəzifəyə gələndə mən onu qucaqladım, halallıq verdim, təbrik etdim və işdən çıxdım. Amma bir il ərzində nə Orxan Fikrətoğlu, nə də Turizm Agentliyi verdiyi bir sözü tutdu”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Künc-Bucaq” layihəsinin qonağı olan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib. 

O, vəzifədən getdikdən sonra gördüyü işlər barədə danışıb: 

“Onlar söz vermişdilər ki, mənim kitabımı çap edəcəklər, bu gün hələ də həmin kitab onların nəşriyyatındadır, lakin çap etmirlər. Bir dəfə onlardan kömək görmədim, bir işimizin qulpundan tutmadılar, bir dəfə yaralı barmağa dərman olmadılar. Amma Orxan Fikrətoğlu bizim gözəl yazarımızdır, indi də deyirlər kino sahəsində işləyir. Allah ona uğur versin, mən ona yalnız uğurlar arzulayıram. Zənnimcə, o, bu vəzifəyə gəlməmişdən əvvəl xalq tərəfindən daha çox sevilirdi. Mən xahiş edirəm ki, camaat onu günahlandırmasın.

Mənə bir neçə dəfə çox böyük vəzifələr təklif olunub, amma mən vəzifə istəmirdim, vəzifə mənim üçün deyil. İşimdən ləzzət almasam, o işi görmərəm, mən məmur yox, daha çox yaradıcı adam, alim kimi gördüyüm işlərdən ləzzət alıram. Milli Kulinariya Mərkəzində çalışanda orada mənimlə birgə 17 işçi var idi, kitabların yazılması, texniki işlərdə dəstək olurdular və daha çox iş görmək olurdu. İndi isə tək işləyirəm, amma yenə də edirəm. 

Mən işdən çıxdığım 2 il ərzində  Milli Kulinariya Mərkəzinin, Turizm Agentliyinin və 6 Assosiasiyanın bir yerdə gördüyü işdən yüz qat artıq işi maaşsız görmüşəm. Şükür Allaha, biz işimizi görürük və millətimizin qarşısında başıaşağı deyilik. Mənim millətlə sevgim qarşılıqlıdır və mən sevgilimin gözünün içinə düz baxa bilirəm, çünki etdiyimi edirəm, heç vaxt dayanan deyiləm”. 

O, əvvəllər tutduğu vəzifə üçün yenidən təklif gələrsə, qətiyyən qəbul etməyəcəyini açıqlayıb:

“İndiki şərtlərlə yenidən təklif gəlsə, qəbul etmərəm. Çünki Turizm Agentliyi yaranandan məni 4 il ərzində hər iki aydan bir işdən çıxarıb yenidən işə götürüblər. Mən elə pressinqdə çalışmaq istəmirəm, həm də indi azadlığın dadını almışam. Belə daha yaxşıdır, həm də sağ olsunlar ki, məni çıxardılar, gəldim evdəkiləri gördüm, tanıdım, sən demə, bizim evdə də yaxşı adamlar yaşayırmış, yaxşı nəvələrim, xanımım var imiş...” 

Bənzər yazılar

6.2031118869781