Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum oldu ki, həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.
Təqdim olunan sənədlərdən də həmin obyektin Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi ortaya çıxdı. Daha dəqiqi, real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edən striptiz klubun təsisçisinin Milli Məclisin sədrinin həyat yoldaşına məxsus “Arizarum Qrup” MMC olduğu məlum olub.
Rusiya polisinin xanım Əsədovaya məxsus klubda əməliyyat keçirməsinin səbəbi isə orada narkotik maddələrin satılmasına dair şikayətlər olub. Əməliyyat zamanı bu faktın təsdiqini tapdığı, hətta videoçəkiliş aparıldığı, KİV üçün reportaj hazırlandığı da məlum olub.
Ancaq 2014-cü ildə baş verən bütün bu faktların, məlumatların hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı sirr olaraq qalır.
Təbii ki, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərlik edən bir şəxsin ailə üzvlərinin başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri hansı pulla və niyə aldığı, öz obyektində belə bibırçılıqların baş verməsinə nədən imkan verdiyi də ictimaiyyəti düşüdürən başqa suallardır...
Ancaq qəribə də olsa ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan, 100 minlərlə insanın heyrətlə izlədiyi bu məlumatlara hələ də nə Oqtay Əsədovun özü, nə də ailəsi hər hansı aydınlq gətirməyib.
Düzdür, açıqlama verənlər də olub. Ancaq ictimaiyyət nə Milli Məclisin mətbuat xidmətinin iddiaların yalan olduğu üçün reaksiya vermədiklərinə dair uğursuz açıqlamasını, nə də deputat Fəzail Ağamalının "Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir?" kimi tragikomik "arqumentini" bu rəzaləti izah etmək üçün yetərli hesab etməyib.
Hamı Oqtay Əsədovdan cavab gözlədiyi bir vaxtda, spikerin ailə üzvlərinin Moskvadakı əmlaklarına dair yeni məlumatlar yayılıb. Belə ki, Moskvadan Zaur Əliyev adlı şəxsin azadlıq.info-ya verdiyi məlumatdan, göndərdiyi sənədlərdən və fotosübutlardan belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi son bir neçə ildə Rusiyada daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.
"Sabiq bankir Cahangir Hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri haqda məlumatlar Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən “nəfəsi açıldı”. Məlum oldu ki, spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi, digər göstəricilərini də üzərinə alaraq, sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb, susuz da geri qaytarar", - deyə yazan müəllif, bildirir ki, Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də "Triumph Palace"da ( “Zəfər Palas”) yerləşir.
"Triumph Palace" və ya "Triumf Palas" deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.
"Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir" - məlumatda bildirilir.
Əsədovların binadakı qonşuları da məşhur simalardır: ""Triumf Palas" ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib, “Ev alma, qonşu al”! Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir .... respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstə ilə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri..."
Məlumatda mənzillərdən birinin quruluşu barədə də məlumat verilib: "372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq. Amma 65 saylı nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var.
Mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa-otaq, hətta kinoteatr belə var.
Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.
Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.
Şahidlərin” dediyinə görə, spikerin bu "Triumf Palas"dakı 65 saylı “kiçik” mənzilinin mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb..."
Məlumatda həmçinin o da bildirilir ki, Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar: "Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var".
Müəllif özəl mənbələrə istinadla Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11-ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları olduğunu, bütün sahib olduqlarını sonrakı illərdə əldə etdiklərini iddia edir. "Niyə Moskva" sualı isə yenə açıq qalır.
Ümid edirik ki, Oqtay Əsədov bu dəfə çıxıb bütün iddiaları cavablandıracaq.
Mənbə azpolitika.info