Mariya Zaxarova: "AB Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır"

 13-03-2024

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“AB-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - diplomat bildirib.

Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır.

“İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”, - Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Parisin sözdə sülhməramlı və ya onların dediyi kimi vasitəçilik səylərinin hansı uğursuzluqlarla nəticələndiyini unutmaq olmaz.

“Yanlış həmrəylik təminatları, sülh haqqında sözlər, təəssüf ki, Fransanın hazırkı hakimiyyəti Ermənistanın maraqlarını rəhbər tutmur. Bu, göz qabağındadır və heç bir halda erməni xalqının maraqlarını güdmür. Onlar yaralı geosiyasi ambisiyalarını, anti-Rusiya mövqelərini rəhbər tuturlar və Ermənistanın və bütün Cənubi Qafqazın gələcəyi Paris üçün sadəcə bir alət, alver predmetidir. Hibrid müharibəsi fonunda öz nüfuzunu qoruyub saxlamaqdır", - o əlavə edib.

Zaxarova onu da əlavə edib ki, Fransanın hazırda əsas məqsədi region dövlətlərini izləmək və ölkələr arasında sülh sazişinin reallşamasına imkan verməmək cəhdidir. "Bu aydındır. Bunu heç kim gizlətmir. Əgər əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, o zaman Fransa 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi. Amma onlar əksinə getdilər”, - o qeyd edib.

Bənzər yazılar

0.17519497871399