Fazil Mustafa: “ABŞ Azərbaycanın həyata keçirdiyi siyasətə dəstək verir”

 21-03-2022

“ABŞ-ın Azərbaycana böyük dəyər verməsi və Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləməsi əbəs yerə deyil. Təkcə ABŞ-la deyil, Azərbaycanın bütün dövlətlərlə münasibətləri yüksək səviyyədədir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Fazil Mustafa Azərbaycanın həyata keçirdiyi siyasətin ABŞ tərəfindən dəstəklənməsi və təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ həm də Qarabağdakı erməni terrorçularına dəstək verir:

“Bütün bunlara rəğmən Azərbaycanın ABŞ-la normal münasibətlərə üstünlük verməsi, həm də ölkəmizin gələcəyə yönəlik ağıllı siyasət yeritdiyini göstərir. Ona görə də birmənalı olaraq terrora qarşı mübarizdə ABŞ ilə bir yerdəyik. Amma hər hansı bir şəkildə separatçıların dəstəklənməsinə qarşıyıq. Son dövrdə Rusiya-Ukrayna münasibətləri üzərində Azərbaycanın tutduğu mövqe digər ölkələr tərəfindən təqdir olunur. Çünki belə bir mövqe dünyada barışa, sülhə xidmət edir.

Amma Azərbaycanın incidildiyinin də şahidi oluruq. Çünki Qarabağdakı terrorçulara ABŞ tərəfindən dəstək verilib, yardım ayrılırsa, bu o deməkdir ki, yanlış siyasət hələ də davam etdirilir. Biz çalışırıq ki, ABŞ-ı doğru siyasət zəmininə gətirə bilək. Çalışırıq onlar anlasın ki, bu cür mövqe Azərbaycanla dost münasibətlərinə xələl gətirə bilər”.

F.Mustafa onu da əlavə edib ki, regional barışıq da ABŞ-dan asılıdır:

“ABŞ terrorçunu dəstəkləməsin və regionda sülh olsun. Sülh olarsa, hər cür əməkdaşlıq mümkündür. Amma terrorçuluq stimullaşdırılarsa, onu aradan qaldırmaq olmur. Ona görə də bu məsələdə ABŞ-ın siyasətində dəyişikliyə ehtiyac olduğunu düşünürəm. Sevindirici haldır ki, onlar bu məsələdə bizim səmimiyyətimizi görürlər.

Onlar görür ki, Azərbaycan heç nəyə baxmadan, mövqeyini davam etdirir. Düşünürəm ki, gələcəkdə onlar daha çox Azərbaycanın milli maraqlarını gözləməlidirlər. Bölgədə güclü Azərbaycan, həm də ABŞ-ın güclü müttəfiqi olmaq deməkdir. Onlar işğalçını stimullaşdırmaqdansa, separatçılığa dəstək verməkdənsə, bu məqama üstünlük verməlidirlər. Çünki bölgədə sabitlik olarsa, qazanan bütün dünya olacaq. Sabitlik olan yerdə isə iqtisadiyyatın inkişafından söhbət etmək olar”.

Bənzər yazılar

0.14077305793762