Sayt rəhbərləri şantaja görə həbs edilib

 11-12-2023

Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az" xəbər saytının rəhbəri Hümbətov İbrahim Qubad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
 
APA.az xəbər məlumata görə, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.\

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Eyni əməllərə görə Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fəaliyyət göstərən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə sayt rəhbərinin qardaşı Tural İbrahimov bildirib.

Onun sözlərinə görə, qardaşına qarşı Azərbaycan Cinayət Məcəlləsinin 282.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib,

Tural İbrahimovun sözlərinə görə, qardaşı Gəncə şəhər tibb müəssisələrindən birinin rəhbərinin şikayəti əsasında saxlanılıb.

“Guya 2021-ci ildə Ərşad İbrahimov ondan 200 manat rüşvət alıb, sonra yenidən təhdid yoluyla ondan pul tələb edib. Amma həbsin "əsl səbəbi" qardaşımın polis orqanlarını tənqid etməsidir”, o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Ərşad İbrahimov vətəndaşların çoxsaylı şikayətləri əsasında saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Ərşad İbrahimov bundan öncə 2014-cü ildə də pul tələb etmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib.

Apellyasiya Məhkəməsi həbs müddətini 10 ilə, Ali Məhkəmə isə beş ilə endirib. Jurnalist əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

Bənzər yazılar

0.17867207527161