Baş redaktor Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

 18-07-2022

Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev Cənablarına

Millətin Səsi.info saytının təsisçisi və Baş redaktoru Abbaslı Tahir Tapdıq oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident,

İzn verin, dəyərli vaxtınızı aldığıma görə üzrxaqlıq edim, Sizi səmimi qəlbdən salamlayım, Sizə əbədi cansağlığı, daha qüdrətli Azərbaycan arzulayım.

Danılmaz həqiqətdir ki, Siz Prezidentliyiniz dövründə Respublikamızda yarım əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz. Bu quruculuq işlərinin iqtisadi səmərəsini hesablamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər, xarici siyasətiniz xüsusi alqışlara layiqdir.

Beynəlxalq görüşlərdə, tədbirlərdə ali tribunalardan kağızsız, şparqalkasız İngilis dilində səsləndirdiyiniz sərbəst mənalı, məzmunlu çıxışlarınız həmişə gurultulu alqışlarla qarşılanır. Kadr siyasətinizə nəzər yetirəndə bəlli olur ki, Siz vətənini, xalqını canı qanı qədər sevən ən savadlı, sanballı və nüfuzlu şəxslər hesabına etibarlı kadr korpusu formalaşdırmısınız.

Hörmətli, cənab Prezident,

Sizin siyasi kursunuzun tən ortasında Azərbaycan vətəndaşı, onun maddi rifahı və təhlükəsizliyi dayanır. Siz həmişə çalışırsınız ki, xalqımız rahat, əmin, arxayın və təhlükəsizlik şəraitində yaşasın. Mübaliğəsiz deyə bilərəm ki, Siz savadlı aparat rəhbəri, müdrik, uzaqgörən ölkə başçısı, güclü diplomat və dünyaşöhrətli siyasət ustasısınız.

Siz sadəlik nümunəsi göstərib dəfələrlə efir məkanlarında özünüzü xalqın xidmətçisi, prezidentliyə andiçmə mərasimlərində isə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağınızı elan etmisiniz və gündəlik işlərinizdə bunu sübut etmisiniz.

Praktika göstərir ki, həyata keçirdiyiniz bütün işlərinizdə Siz xalqa arxalanır və ümumxalq məhəbbət qazanırsınız.
Ədalət naminə demək lazımdır ki, bu gün Prezidentlik iddiasında olan siyasi boşboğazlar çoxdur, lakin Sizi əvəz edən lider yoxdur.

Prezidentliyiniz illərində imza attığınız uğurlar minlərlədir, amma qeyd edilməlidir ki, bu nailiyyətlər sırasında şah əsəriniz kimi xüsusi yer alan 44 günlük savaşla torpaqlarımızı erməni işğalçılarından azad etməyinizdir.

Sizin ikinci şah əsəriniz isə dövlətçiliyimizi talançılardan, rüsvətxorlardan və kreslonuzda oturub siyasətinizə müqavimət göstərən kütbeyin məmurlardan azad etməyiniz olacaq.

Sizin Vətən, xalq qarsısındakı xidmətlərinizi görməmək və dəyərləndirməmək ən azından nadanlıq ola bilər.

Qədim Şərq məsələlərinin birində deyilir: “Şəxsiyyət var qarşısında təzim edərlər, şəxsiyyət də var qarşısında baş əyərlər”

Cənab Prezident,

Sizin vətən, xalq qarşısında misilsiz xidmətləriniz önündə yalnız baş əyməli olursan!

Qoy Ulu Yaradanımız xalqımızın daha xoşbəxt və firavan yaşaması, məmləkətimizin daha da tərəqqisi naminə Sizə möhkəm cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!

Mən neçə illərdir adıçəkilən və sadalanmasına zaman lazım alan uğurlarınızı, rəhbəri olduğum sayt vasitəsi ilə geniş təbliğ edir, siyasi kursunuzun millətimizə eləcə də oxucularımıza çatdırılmasında mümkün olduğundan da artıq işlər görürəm.

Cənab Prezident

Dövlət başçısı postuna gəlişinizdən sonra Azərbaycan dövlətinin üzləşdiyi problemlərə və beynəlxalq şəraitin mürəkkəbliyinə baxmayaraq, ölkə mediasının inkişafına, həmçinin jurnalistlərin sosial vəziyyətinin normallaşdırılması istiqamətində atdığınız ardıcıl addımlar KİV nümayəndələri tərəfindən daim dərin rəğbətlə qarşılanıb.

Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Sizin 2010-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, 2013-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” və 2017-ci il iyulun 19-da imzaladığınız “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlara uyğun olaraq, ümumilikdə 410 jurnalist mənzillə təmin olunub.

Sizin 19 iyul 2017-ci il tarixli Sərəncamınız əsasında jurnalistlər üçün inşa olunan 255 mənzillik 3-cü binanın tikintisi 2020-ci ilin yayında başa çatdırılıb. Lakin inşaat zamanı keyfiyyətsiz tikinti materiallarından istifadə edildiyi əsas gətirilərək binanın təhvil alınması yubadıldı.

2020-ci ilin iyulunda məlum Tovuz döyüşlərinin, həmin il sentyabrın 27-də isə 44 günlük Vətən müharibəsinin başlaması jurnalistlər üçün inşa olunan binadakı mənzillərin təyinatı üzrə paylanmasını arxa plana keçirdi.

Lakin 2021-ci ilin iyul ayından etibarən, jurnalistlərin 3-cü binası ətrafında yol verilən aşkar spekulyasiyalar mənzilsiz KİV nümayəndəsi kimi məndə də ciddi narahatlıqla qarşılanıb.

Hörmətli, Cənab Prezident,

Mən bu günlərimizə qədər ölkə başçısı olaraq Sizə və ya hər hansı bir ali hakimiyyət orqanlarına öz mənafeyim naminə ərizə, şikayət yazıb göndərməmişəm. Lakin bu günkü sosial yaşayışım, hələ də mənzil problemimi həll edə bilməməyim, Prezidentim olaraq qapınıza pənah gətirməyimə zərurət yaratmışdır.

Hörmətli, Cənab Prezident,

39 yaşım var,  4 nəfər ailə üzvümlə atama 2013-cü ildə Jurnalistlərin birinci binasında hədiyyə etdiyiniz darısqal mənzildə birgə yaşayırıq. Bu gün mənzil problemi yaşamağım və Vətənə 2 oğul övladı böyüdən ailə başçısı kimi ciddi əziyyət deməkdir.

Bu il Azərbaycan mətbuatının 147 yaşı tamam olur, mətbuata qayğı, diqqətiniz bəllidir. Dəstəyinizlə çoxlu sayda media nümayəndələri mənzil şəraitini yaxşılaşdırmış, yüzlərlə ailələr nicat tapıb, sevinib.

Ətrafınızda monalit kimi birləşən bir media nümayəndəsi kimi Sizə öz adımdan, ailəm, körpə övladlarım adından hədsiz dərəcədə xahiş edirəm: bizim ailəmizə də mənzil verin, bizləri sevindirin. Qayğınızı heç zaman unutmarıq, həmişə olduğu kimi adınızı uca, xatirinizi əziz tutarıq.

Səmimi hörmətlə: Tahir Abbaslı

Bənzər yazılar

0.31179809570312