Həbs olunan generalın müavini ÖLKƏNİ TƏRK EDİB

 17-07-2022
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub.
 
Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bakupost.az -ın əldə etdiyi məlumata görə, DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib. Həmin şəxsin ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu da gələn xəbərlər sırasındadır.
 
Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.
 
DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.
 
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq. DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin işdə olduğu və ya ölkəni tərk etdiyini dəqiqləşdirməyə çalışsaq da, cavab vermədilər.
 
Komitənin əməkdaşı Novruz Hacıyev F.Ələsgərlinin xaricdə olduğunu təsdiqləyib: "F.Ələsgərli mənim rəisimdir. 15-20 gün əvvəl məzuniyyətə çıxması ilə bağlı raport yazıb. Hazırda xaricdədir. Ölkəni tərk etməsinin son günlərdəki hadisələrlə, Gömrük Komitəsindəki həbslərlə əlaqəsi yoxdur. Sadəcə olaraq, məzuniyyətə görə xaricə gedib".
 
Məlum olub ki, Fikrət Ələsgərli ilyulun 15-i, yəni rəisinin tutulmasının səhəri günü Bakı-Antalya reysi ilə ölkəni tərk edib.  Ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli redaksiyamızla əlaqə saxlayaraq ölkədən qaçdığı ilə bağlı iddiaları təkzib edib. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirib:
 
"Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam".

Bənzər yazılar

0.58079814910889