“Apteklərə, mağazalara borcumuz başmızdan aşır. İş üçün müraciət edirik, deyirlər, iş yoxdur, başınızı saxlayın. İldə bir dəfə fındıq yığımı olur, gedirəm, yığıram, hər fındıq mövsümündə iki ay fındıq yığıram, toplam 500 manat qazancım olur, o pulla da apteklərə, mağazalara yığılan borcun kiçik hissəsini ödəyə bilirəm. Artıq belə yaşamaqdan bezmişik”.
Bunu Meydan TV-yə Balakənin Tülü kənd sakini Elnarə Qarakişiyeva deyir.
Ev yığışdırır, fındıq sahələrində işləyir, amma…
Elnarə xanımın üç övladı var. Danışır ki, oğlu hərbi xidmətdədir. 22 yaşlı qızı xeyli müddətdir ki, özünə iş tapa bilmir. 17 yaşlı oğlu günəmuzd işlər tapanda evə 10 manat gətirir. Özü isə evlərə yır-yığışa da gedir. Mövsümi işlər tapmağa çalşır, düşəndə fındıq sahələrində fındıq yığır. Ancaq bütün bunlar dolanışığa yetmir:
“Qızımın boyu inkişaf etmədiyinə görə heç yerdə iş tapa bilmir. Özüm psixoloji problemli insanam. Yaşadığım ev taxtadandır, kənarlarını boş un kisələriylə bağlamışıq. Deyirlər, sök, daşdan ev tik, qaz xətti çəkək. Yay-qış odun sobasından istifadə edirik. Dəfələrlə yanğın olub, şükür ki, üstünə tez düşüb, söndürmüşük”.
“Apteklər də daha mənə dərman satmır”
Taxta ev həm də çox vaxt şamla işıqlandırılır. Çünki ailə ehtiyac üzündən işıqpulu da ödəyə bilməyəndə işıqsız qalır:
“Dediyim kimi, 21-ci əsrdə biz hələ də taxta evdə sobadan istifadə edirik, işıqpulu ödəyə bilməyəndə də şam işığında otururuq. Qışı əl-ayağımız dona-dona ötürürük, yayın da başqa əzabı var. Çölün ilanı, qurd-quşu evdən əskik olmur. Bu yaxınlarda uşaq yorğanı qaldırıb yerinə girmək istəyəndə gördük ki, döşəyin üstündə ilan qıvrılıb, qalıb. İlan, əqrəb öldürməkdən bu işin peşəkarı olmuşuq”.
Elnarə xanım panik ataklardan əziyyət çəkir. Ancaq imkansızlıqdan müalicə ala bilmir. Rayon xəstəxanasında bir həkim aradabir özü ona dərmanlar alıb verir. Deyir, apteklərə borcu yığıldığına görə, artıq apteklər də ona dərman satmır.
“Deyirlər, halaldır sənə, bu şəraitdə vətənə əsgər böyüdürsən”
Elnarə Qarakişiyeva taxta evin yerində daşdan ev tikmək üçün icra hakimiyyətindən kömək istəyib. İcra hakimiyyəti tikinti materialı üçün onu kənd bələdiyyəsinin üstünə göndərib. Bələdiyyədənsə xanıma bildirilib ki, fondda pul yoxdur:
“İcra hakimiyyətindən gəlib bir neçə dəfə evə baxıblar. Hər dəfə də deyirlər, halaldır sənə, sən yaxşı anasan ki, bu cür şəraitdə vətən üçün əsgərlər böyüdürsən. Bu, hər adamın işi deyil. Yazıqları gəlir, deyirlər, görək nə edə bilirik, çıxıb gedirlər. Ancaq bir müddətdən sonra cavab verirlər ki, sənə ev şəraitini düzəltmək bizim səlahiyyətimizə aid deyil”.
Elnarə Qarakişiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Nazirliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən ailəyə göndərilən məktubda qeyd olunub ki, qurum yalnız müharibə əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasıyla məşğul olur. Vətəndaşların yaşayış evlərinin təmir olunması üçün nazirliyə büdcədən vəsait ayrılmır.
Elnarə xanım quruma ünvanlı sosial yardım üçün də müraciət edib. Ona cavab verilib ki, ünvanlı sosial yardım təyinatı üçün ailə üzvləri işləməlidir, rəsmi gəlir yerləri olmalıdır.
Balakən Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailə mənzil-məişət şəraitini özü düzəltməlidir.
“Elnarə Qarakişiyeva quruma müraciət edib, ona həm rəsmi, həm də şifahi bildirilib ki, dövlət tərəfindən evlə təmin olunma güzəşti hələlik yalnız müharibə əlillərinə və şəhid ailələrinə şamil olunur. İşlə təmin olunma məsələsinə gəlincə, ailə üzvləri Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşəulluq Filialına müraciət etsə, daha doğru olar”, – icra hakimiyyətindən bildirilib.