Elm və Təhsil Nazirliyi vergi borcu olan şirkətlərə milyonluq tenderlər verdi

 25-10-2023

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi vergi borcu olan şirkətə 3 milyon manatlıq tender verib.

“Ölkə.Az” xəbər verir ki, nazirliyin respublikanın bir sıra təhsil müəssisələrində təmir və abadlıq işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderinin qalibi “Ar Group İnşaat” MMC olub.

Qalib təşkilatla 2 834,258 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Hazırda şirkətin vergi borcu 10,505 min manat təşkil edir.

Onu da bildirək ki, Dövlət satınalmaları haqqında qanunda podratçılara qoyulan tələblərdən biri də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasıdır.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Ricon” MMC ilə maliyyə dəyəri 2 790 355 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.

Şirkət respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı idarənin keçirdiyi tenderin qalibi seçilib. Lakin hansı təhsil müəssisələrində təmir işlərinin aparılacağı bəlli deyil. Bu barədə tender elanında heç bir qeyd yoxdur.

“Ricon” MMC-yə gəlincə, şirkət 2003-cü ildə təsis edilib. Tikinti sahəsi üzrə ixtisaslaşıb. Bir müddət “RVR LTD” MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İsmayılov Rəşad Rəhim oğludur. Rəşad İsmayılov eyni zamanda şirkətin direktoru vəzifəsində çalışır.

Açıq mənbələrdə onun haqqında məlumatlar məhduddur. Rəşad İsmayılovun adına Linkedin biznes mərkəzli sosial şəbəkədə hesab var. Həmin hesabda o, “Ricon” MMC-nin direktoru kimi təqdim edilir.

 

 

Bənzər yazılar

0.17072892189026