Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir

 19-05-2024

"Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlara təşəkkürünü bildirib.

"Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var.  Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir", - deyə dövlətimizin başçısı əlavə edib.

Dövlətimizin başçısı, həmçinin bildirib: "Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur".

Dövlətimizin başçısı qeyd edib ki, enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə (Azərbaycana və İrana - red.) əlavə fayda verəcək: "Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. Bu bölgələr ərazimizin təxminən 25 faizini təşkil edir".

Dövlətimizin başçısı vurğulayıb ki, bu bölgələrdə "yaşıl enerji" mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək: "Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək", - deyə dövlətimizin başçısı əlavə edib.

"İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik", - deyə dövlətimizin başçısı bildirib.

Bənzər yazılar

0.072568893432617