Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ 15-18 min manat

 14-05-2024

Dövlət və özəl universitetlərdə təhsil alan tələbələrin təhsil xərcləri fərqlənir. Ümumiyyətlə, tələbələrin təhsil müddətində xərcləri müxtəlif nüanslara görə dəyişə bilir. Təhsil haqqı olub-olmaması, təqaüd alıb-almaması, kirayədə, yoxsa öz evində qalması, əyləncə və s. məsələlərə görə tələbələrin xərcləri arasında fərq olur. Kirayədə qalan və ödənişli əsaslarla təhsil alan orta statisik Azərbaycan tələbəsinin orta illik xərcləri nə qədər olur? Normal təhsil almaq, normal şəraitdə yaşamaq, təhsil müddətində özünü inkişafa vəsait ayırmaq və s. üçün bir ildə nə qədər vəsait lazım gəlir?

Bu barədə Valyuta.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil eksperti Elmin Nuri deyir ki, Bakıda orta təhsil haqqı olan universitetlərdə oxumaq üçün bir tələbə illik minimum 15 min manat arasında xərc çəkir: “Azərbaycanda ödənişli təhsil alan tələbə üçün minimum ildə 15 min manat lazımdır. Mən hətta bunu 15-18 min manat arası götürərdim. Bura təhsil haqqı, yaşam xərcləri, təhsil, özünüinkişaf, əyləncə və s. xərclər daxildir. Bu qiyməti orta təhsilhaqqı olan universitetlər üçün dedim. Elə universitetlər var ki, onların illik ödənişi 6 000-6 500 manatdır. Təbii ki, belə olduğu halda, məbləğ artır”.

E.Nurinin sözlərinə görə, rəqəmlər Azərbaycanda təhsilin xaricdə təhsildən heç də ucuz başa gəlmədiyini deyir: “Bəzən gənclər xaricdə təhsil almaq istədiklərini deyəndə, valideynlər bildirirlər ki, xaricdə təhsil almaq, yaşamaq bahalıdır. Rəqəmlər isə göstərir ki, Bakıda da təhsil almaq ucuz deyil. Regiondan Bakıya oxumağa gələn bir tələbənin illik xərcləri 15-18 min manat arasında dəyişirsə, bu, orta statistik Azərbaycan ailəsi üçün az məbləğ deyil. Təbii ki, biz İngiltərədə oxuyan tələbənin yaşam xərci, təhsil haqqı ilə özümüzü müqayisə edə bilmərik. Amma bu gün bizim tələbələrin də 4 il ərzində çəkdiyi xərclər elə də az deyil”.

Ekspert deyir ki, Azərbaycanda təhsildə tələbələrin xərcini artıran əsas məsələlərdən biri universitet yataqxanalarının yox səviyyəsində olmasıdır: 

“Universitetlərimizin çoxunun yataqxana şəraiti yoxdur. Ən yaxşı halda yalnız 3 faiz tələbəsini yataqxana ilə təmin edə bilir. Bu 3 faizin də böyük hissəsi xarici tələbələrdir. Yataqxana problemi həll olsa, tələbələrin aylıq xərcləri xeyli azalmış olar”.

E.Nuri tələbələrin xərclərinin azaldılması ilə bağlı bəzi addımların atılmasının mümkün olduğunu vurğulayıb: 

“Bununla bağlı bəzi addımlar atmaq olar. Bunlardan biri də ən uğurlu layihələrdən olan Təhsil Tələbə Krediti Fondunun yaradılmasıdır. Bu fond olmasaydı, bir çox tələbələr bugünkü 4 illik təhsil xərclərinin qarşısında dayana bilməzdi. Bu Fond sayəsində tələbə illik təhsil haqqının 20%-ni ilkin olaraq ödəyir, digər 80%-i də Fond tərəfindən ödənilir. Tələbə bu ödənişi universiteti bitirəndən sonra 20 il müddətində geri qaytarır. Bu cür layihələrin sayı artmalı, tələbələrə güzəştlər nəzərdə tutulmalıdır. Dünyanın bir çox yerlərində tələbə kartları vasitəsilə, tələbələrə nəqliyyatda müəyyən güzəştlər nəzərdə tutulur, muzeylərdə, kinoteatrlarda ödənişsiz giriş təmin olunur. Bizdə də tələbə kartlarına xüsusi endirim tətbiq olunmalıdır”.

 

Bənzər yazılar

0.058629989624023