Bakıda fəaliyyət göstərən, dəyəri 6 milyon manatı aşan “Bakıspirt” zavodu və onun qeyri-rəsmi sahibi ilə bağlı yeni iddialar yayılıb. Bu barədə “Təzadlar” qəzeti və eyni adlı sayt yeni məlumatlar yayıb.
Bildirilib ki, son günlər ölkə gündəmini zəbt etmiş SOCAR Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevə məxsus olan, daha dəqiqi, xanımının təsisçisi olduğu «BAKUSprits» MMC-nin (Eyni adlı spirt zavodu) qanuni təmsilçisi Hüseynov Alxas Niyətəli oğludur.
Hüquqi ünvanı İsmayıllı rayonunun Kurtmaşı kəndi (VÖEN- 5401324861) olan bu zavodun qanuni təmsilçisi Alxas Hüseynovun da SOCAR-ın Təchizat İdarəsində böyük mühəndis vəzifəsində çalışması isə növbəti sensasiya sayıla bilər. Belə ki, qanunla dövlət qurumu və ya şirkətində vəzifə tutan şəxs biznes şəbəkəsi ilə məşğul ola bilməz.
Məlumatda o da deyilir ki, Alxas Hüseynov Təhcizat İdarəsindən hər ay 2916 manat maaş alır. Qəzet onun əmək müqaviləsiin rəsmi kodunu da paylaşıb (İD nömrəsi 4120105).
Yayılan iddialardan biri də odur ki, Fuad Həziyev sahibi olduğu spirt zavodunda istehsal edilən içkiləri SOCAR-ın tabeliyində olan dənizdəki neft estakadalarına da göndərir.
Məlumata görə, rəis müavinini biznes şəbəkəsi bunlarla bitmir. Onun yaxınlarının adlarına olan xeyli MMC var ki, Fuad Həziyev onların müxtəlif yollarla tenderlərdə iştirakını təmin edir, bununla da milyonlar qazanılır.
Məsələn, “Təzadlar” yazır ki, belə şirkətlərdən biri olan «Monet» MMC 2018-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatları ilə bir il ərzində 7 milyon 50 min 618 manatlıq müqavilə imzalayıb. MMC-nin iştirak etdiyi 100 tenderdən 95-i formal olaraq təşkil edilib, seçmə isə müsabiqə metodu tətbiq olunmaqla keçirilib: “«Monet» MMC 2013-cü ildə Şəmkir rayonunda qeydiyyata alınmışdır. SOCAR-ın satınalmalarında Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev tərəfindən idarə olunur. F.Həziyevin göstərişinə əsasən heç bir qayda-qanuna əməl etməyən bu şirkət SOCAR-a müxtəlif mallar, daş, çınqıl, paltar, elektrik ləvazimatı, neft məhsulları və s. mallar satmışdır. Sual olunur, 20 manat Nizamnamə kapitalına məxsus və 2 nəfər işçisi olan bir şirkətin bu həcm və çeşiddə mal satması necə mümkündür və bir il ərzində 7 milyon 50 min 618 manatlıq müqaviləni necə yerinə yetirmişdir?”.
Qeyd olunur ki, rəis müavininin nəzarətində olan və bir sıra tender layihələrində iştirak etmək üçün yaradılmış çoxsaylı MMC-lər arasında “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və digərlərinin adları da var.
Yeri gəlmişkən, bu və ya digər iddiaları Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da sosial şəbəkədəki paylaşımlarında təsdiqləyib. O, dövlətin müvafiq qurumlarını sadalanan faktları araşdırmağa çağırıb.