Oktyabrın 1-dən başlayaraq, taksilərlə sərnişin daşımalarına dair yeni tələb və qaydalar qüvvəyə minir.
Qeyd edək ki, yeni tələblər 16 iyun tarixində qəbul edilən “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Görəsən, yeni qaydaların qüvvəyə minməsilə sözügedən sahədə nələr baş verəcək?
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, dəyişikliyə rəğmən qısa zamanda taksi fəaliyyəti sahəsində hansısa keyfiyyət dəyişikliyinə nail olmaq mümkün deyil.
Ekspert qeyd edir ki, yeni qaydalar ilk növbədə həmin sahədə qiymət bahalaşmasına gətirib çıxaracaq:
“Baş verən proses özünü ilk növbədə qiymətlərin dəyişməsində, daha doğrusu bahalaşmasında göstərəcək. Bu bazar uzun illərdir, devalvasiya olmasına rəğmən belə qiyməti qalxmayan, hətta bəzi məqamlarda ucuzlaşan bazarlardan biri idi.
Lakin ötən illər ərzində xidmətin keyfiyyəti, sürücülərin davranışı kimi məsələlərdə müəyyən problemlər də mövcud olub. Amma dediyim ki, yeni qaydalar ilk olaraq qiymət məsələsində özünü göstərəcək. Güman ki, belədə addım-addım həmin bazarda qiymət artımlarının şahidi olacağıq”.
N.Cəfərli deyir ki, növbəti mərhələdə taksi sahəsində ixtisaslaşmış bir sıra şirkətlər bağlanmalı olacaq:
“Ardınca, keyfiyyət və davranış problemlərinin həlli bu bazarda fəaliyyət göstərən kiçik şirkətlərin fəaliyyətinə müəyyən problemlər yaradacaq. Belədə onlar rəqabətə davam gətirməyərək, fəaliyyətlərini dayandıra da bilərlər”.
Həmsöhbətimizə görə, yeni qaydalar taksi fəaliyyətində xidmətin keyfiyyətinin müəyyən dərəcədə artmasına da səbəb ola bilər:
“Yeni qaydaların tətbiqilə xidmətin keyfiyyəti, sürücülərin davranışı, vətəndaşların iradlarının aradan qaldırılması istiqamətində irəliləyişlərin baş verməsi də mümkündür”.