Şuşada ilk yaşayış kompleksinin hazır olacağı tarix açıqlandı

 30-09-2023

Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.

Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq", - deyə o qeyd edib.

Bundan başqa, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub:

“Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun Baş planı qurmuşuq. Buna əsasən, Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb”, - o deyib.

Aydın Kərimov bildirib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var: “Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb. Azad olunmuş ərazilərimizin bərpası çox unikal bir keysdir. Biz 30 illik işğaldan sonra o ərazilərə qayıtmışıq. Mədəni, tarixi və digər bütün abidələr dağıdılmışdı. Buna görə də orada bizim qarşımızda çox böyük öhdəlik var idi”, - o əlavə edib.

Aydın Kərimov deyib ki, azad olunan şəhərlərin yenidən və dayanaqlı bərpası üçün bır sıra vacib nüanslar olub: “Çünki biz, eyni zamanda, mədəni irsimizi də qorumalıyıq. Bu, çox mürəkkəb bir işdir. Məsələn, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq çox ehtiyatlı planlaşdırma tələb edir”.

 

Bənzər yazılar

0.36296892166138