Prezident İlham Əliyev: “Ağalı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar”

 29-09-2023

“Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq."

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlətimizin başçısı deyib:

“Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar.

Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.

Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib”.

İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarıdağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb.

“Böyük Qayıdış” proqramına toxunan Prezident İlham Əliyev həmin proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb.

Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.

Dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə mesaj verib:

“Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.

Bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”, - dövlət başçısı əlavə edib.

2020-ci il noyabrın 8-də Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.

“Aprelin 23-də (2023-cü il - red.) Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də (2023-cü il – red.) biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, - bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”, - dövlət başçısı deyib.

Qeyd edək ki, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

 

Bənzər yazılar

0.3950309753418