Qondarma rejim rəsmən ləğv olundu: Separatçılardan biri gizlənmək qərarına gəlib, digərini qandal gözləyir

 28-09-2023

Qondarma rejimin “rəhbər”i Samvel Şahramanyan tanınmamış “DQR”in 2024-cü il yanvarın 1-dən ləğv ediləcəyi barədə “fərman” imzalayıb.

Onun imzaladığı “fərman”da aşağıdakılar nəzərdə tutulur:

“1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün qurumlar və təşkilatlar ləğv edilsin və “Artsax Respublikası” öz fəaliyyətini dayandırsın;

2. Qarabağın əhalisi, o cümlədən buradan kənarda yaşayanlar bu “fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək, Qarabağa qayıtmaq məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar”.

Bundan başqa, Vardanyanın Qarabağın “dövlət naziri” postundakı sələfi Artak Beqlaryan Bakının əlinə düşməmək üçün gizlənməyə qərar verib.

«Çoxları soruşduğuna görə bildirim ki, azadlıqdayam, təhlükəsiz vəziyyətdəyəm. Baxmayaraq ki, nifrət zəminində çoxlu açıq/şəxsi təhqir/təhdid almağa davam edirəm

Azərbaycan tərəfindən məhkəmə təqibilə bağlı mənə heç vaxt xəbərdarlıq edilməyib, buna heç bir əsas yoxdur, amma təhlükəsizlik səbəbilə öz yerimi açıqlaya bilmirəm”, – o, sosial şəbəkələrdə yazıb.

Qarabağın digər “qəhrəmanı”, “Təhlükəsizlik Şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan gizlənmir. O bildirib ki, Əsgərandakı evindədir və getmək fikri yoxdur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin Turan Agentliyinə bildirdiyinə görə, bu onun nəticəsidir ki, separatçı qurumun rəhbərliyi artıq onların fəaliyyətinin mümkünsüzlüyünü dərk etdilər: “Çünki erməni icması ilə iki dəfə görüşlər keçirilib. Orada əsas məsələ silahların təhvil verilməsi, qeyri-qanuni hərbi birləşmələrin tərksilah olunması və sosial məsələlərin həlli olub”.

Komitə üzvü qeyd edib ki, Azərbaycan strukturlarının Qarabağda fəaliyyətinin bərpası üçün müəyyən vaxt lazımdır: “Qondarma qurumun hansı tarixi göstərməsindən asılı olmayaraq, Azərbaycan uyğun şəkildə bu prosesləri tənzimləyəcək. Həmin qondarma fərman daxili auditoriya üçündür. Azərbaycanın öz istiqamətləri, daxili və xarici siyasəti var”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, bu, tarixi hadisədir: “Qondarma “Dağlıq Qarabağ Respublikası”na indiki məqamda son qoyuldu. Ən azı sübut olundu ki, bu, əldəqayırma bir quruluş idi və bütün dünya bunu gördü. Əgər bir dövlət bir şəxsin imzası ilə özünü buraxırsa, həmin quruma “dövlət” demək olmaz”.

Səbəblərə gəlincə, ekspertin sözlərinə görə, illər ərzində separatçı təsisata dəstək verən Ermənistan və Rusiya hökumətləri artıq o dəstəkdən imtina etdi: “Hazırda Ermənistan rəhbərliyi bu işdən əlini çəkdiyinə və Rusiyanın artıq onlara dəstək vermədiyinə görə bu baş verdi. Həmin qurumu saxlayan bu iki dövlət idi”.

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda “lokal antiterror tədbirləri” başladaraq Ermənistan silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Bənzər yazılar

0.33337497711182