Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ATA-BALA KİMLƏRDİR?

 30-06-2022

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən əkin materiallarının satın alınması üzrə 25.05.2022-ci il tarixdə müsabiqə yolu ilə başlanılmış açıq tenderə yekun vurulub və 29.06.2022-ci il tarixdə “SANDORA22” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 140 960 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirılib.

“SANDORA22” MMC 2022-ci il ərzində Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi dekorativ ağaclar, gül kolları, qazon və bir sıra əkin materialları ilə təchiz edəcək. Maraqlıdır bu MMC sözügedən işlər üçün ixtisaslaşıbmı? Xeyir, sadəcə bu tenderdə iştirak üçün sahibkarlıq subyekti kimi müvafiq lisenziya alaraq bu sahədə fəaliyyətə başlayıb. Həm də cəmi bir aydı. Nə maddi-texniki bazası var, nə də analoji işlərdə təcrübəsi.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SANDORA22” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.04.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, A.QARAYEV, ev 19, qanuni təmsilçisi kimi isə Əmrahov İntiqam Qamboy oğlu qeyd olunub.

Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “SANDORA22” MMC Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin tenderə başlamasından cəmi 40 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bəs qanun bu kimi hallara yol verirmi? Əlbəttə vermir. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icazə verir. Kimlərə? Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kimi adamlara.

Zakir Fərəcov kimi adamlar nə edir? Özünə yaxın adamların vasitəsi ilə dövlət vəsaitlərini istədiyi tərəfə yönəldir. Zakir Fərəcova yaxın adamlar kimlərdir? Elə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi də, ona tabeli Yaşıllaşdırma İdarəsinin rəisi də. Bunlarda öz növbəsində özlərinə yaxın adamlar tapırlar. Hansı ki, 2020-2022-ci illərdə yaşıllıqların salınması işlərinin satın alınmasına həmin yaxın adamlarının adına yaradılmış MMC-lərə yüz minlərlə dövlət vəsaiti köçürüblər. Bu barədə bir az sonra…

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-ci ilin fevral və aprel aylarında yaşıllıqların salınması işlərinin satın alınması daha iki tenderin qalibini elan edib ki, bu da “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaşıllaşdırma İdarəsi sözügedən MMC ilə ümumi olaraq 390 580 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu MMC-nin dövlət qeydiyyatına alındığı tarix uzaq olsa da, maraqlı məqamları çoxdu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 06.03.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi), qanuni təmsilçisinin isə Hüseynov Sehran İmran oğlu olduğu göstərilir.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2021-ci ildə yaşıllıqların salınması işlərinin, əkin materiallarının, su şiləyicilər üçün mal-materialların satın alınmasına ümüumi olaraq 1 361 802 manat dövlət vəsaiti xərcləyib. Bu tenderlərin böyük hissəsində, 1 040 488 manat məbləğində 4 satınalma müqaviləsi “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. İndi gəlin görək “ARSENAL-M” MMC kimə məxsusdu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 03.10.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336, qanuni təmsilçisinin isə Hüseynova Yüsalə Sehran qızı olduğu göstərilir.

Hüseynova Yüsalə Sehran qızı kimdir? Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin fevral-aprel aylarında 390 580 manat məbləğində satınalma müqaviləsi bağladığı “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynov Sehran İmran oğlunun qızı.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin qanuni təmsilçisi Hüseynova Yüsalə Sehran qızı olan “ARSENAL-M” MMC ilə bağladığı müqavilələr bununla bitmir. Yaşıllaşdırma İdarəsi 2020-ci ildə “ARSENAL-M” MMC ilə yaşıllıqların salınması işləri üzrə 5 açıq tenderdə ümumi olaraq 1 484 440 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında “ARSENAL-M” MMC-nin başqa hansısa bir tenderin qalibi olması barədə məlumat yoxdu. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə bağladığı müqavilələrdən MMC-nin hazırki günə 44 802.33 manat vergi borcu var. Elə buna görə də MMC-nin qanuni təmsilçisi Yüsalə Hüseynova 2022-ci ildə estafeti atasına məxsus “ASTROİT” MMC-yə verməli olub. Hazırki günə 224.82 manat da “ASTROİT” MMC-nin vergi borcu var və güman ki, 40-50 min vergi borcu yarandıqdan sonra bu MMC də aradan çıxarılacaq.

İndi də keçək Zakir Fərəcovun adamlarına. Sumqayıtda İcra başçısının adamları çoxdu. Əsasən də ən gəlirli yerlərdə otururlar. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də ona tabeli Yaşıllaşdırma İdarəsi də bu gəlirli yerlərdən sayılırlar. Yeri gəlmişkən, Birlik iyunun 24-də Sumqayıtda küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda tenderin qalibi “Azərenerji Təchizat” MMC ilə 1,006 milyon manatlıq satınalma müqaviləsi bağlanıldığı göstərilir. Bu MMC-də çox güman ki, İcra başçısına yaxın olan şəxslərdən birinindir.

Qeyd edək ki, hər il milyonların dövr etdiyi Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyinə vaxtı ilə hazırda İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov da rəhbərlik edib. İndi də bu idarəyə Zakir Fərəcovun bacısı oğlu Hüseyin Həsənov rəhbərlik edir. Yaşıllaşdırma İdarəsinə isə uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan 70-dən yuxarı yaşı olan İlyas Həsənov rəhbərlik edir. Bu həmin İlyas Həsənovdur ki, Zakir Fərəcov hələ Sumqayıt şəhər Bələdiyyəsinin sədri olandan sözügedən vəzifəni tutmuşdu. Ən azı 20 ildir. Əvvəllər bu şəxslər arasıında çox yaxşı münasibətlər olmasına baxmayaraq Zakir Fərəcov Sumqayıta İcra başçısı gəldikdən dərhal sonra onu tutduğu vəzifədən kənarlaşdırmaq üçün çox yollara əl atdığı bildirilir. Amma görünür Əli Həsənovun hələ də ölməyən nüfuzu 70 yaşlı İlyas Həsənovu köhnə dostun, yeni başçının istəyini yerinə yetirməyə imkan verməyib. Lakin Zakir Fərəcov da inadından əl çəkməyərək orada çalışan yerlisi Mübariz adlı şəxsi İlyas Həsənova müavin təyin etməklə idarədə maliyyəyə nəzarəti demək olar ki, tam əlinə almış olub.

O ki, qaldı son iki ildə Sumqayıtda yaşıllıqların salınması işlərinin satın alınmasının qalibi olan ata-bala Hüseynov Sehran İmran oğlu və Hüseynova Yüsalə Sehran qızına. Onlar da çox güman ki, Zakir Fərəcova yaxın adamlardı. Belə olmasaydı 2 milyon 500 min manatdan çox dövlət sifarişini Zakir Fərəcov heç kimə verməzdi.

Mənbə Aktualinfo.org

Bənzər yazılar

0.21103096008301