Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə qarşı qaldırılan işlə bağlı qərar qəbul edib. Bu işdə ADY vaqonların icarəyə verilməsi, dəmiryol daşımaları, eləcə də tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulmasında suçlanırdı.
MillətinSəsi.info “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması ittihamların əsaslı olduğunu üzə çıxarıb. Qurumun açıqlamasında bildirilir ki, işə baxılarkən cəmiyyətin özəl şirkətlərin fəaliyyətinə maneələr yaratması ortaya çıxıb. Eyni zamanda, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tarif və güzəştlərin müəyyənləşdirilməsində ayrıseçkiliyə yol verilib və rəqabət prinsipləri pozulub.
Qərara əsasən, “Azərbaycan Dəmir Yolları”na bu göstərişlər verilib:
– Quruma məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması;
– Vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi;
– Güzəşt və tariflərin daşınan yükün növlərinə uyğun sahibkarlıq subyektləri arasında ayrıseçkilik yaradılmadan, sağlam rəqabət prinsipləri qorunmaqla vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən şəkildə müəyyənləşdirilməsi;
– Tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiqlənməsi;
– Yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənəd layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;
– Sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi;
– Sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması və sərnişin vaqonlarından daha səmərəli istifadə məqsədi ilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması.
Ətraflı
Bu göstərişlərin yerinə yetirilməsi ilə bağlı ADY-nin qarşısında konkret tarixlər müəyyənləşdirilib.
Qərarda eləcə də ADY-nin təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, eləcə də istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər əksini tapıb.
Daha bir diqqətçəkən məqam odur ki, qərar 7 il ADY-nin sədri çalışmış Cavid Qurbanovun vəzifədən azad edilməsindən az sonra açıqlanıb. 2015-ci ildən quruma rəhbərlik edən Cavid Qurbanov may ayında bu vəzifədən azad edilərək Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.
ADY-nin fəaliyyətini müstəqil ekspertlər də tez-tez tənqidə tutur. Sözügedən qurum uzun illər dövlət büdcəsindən böyük həcmlərdə vəsait alsa da, zərərlə işləməkdə davam edir.
ADY-nin fəaliyyəti ilə bağlı əsas tənqidlər hesabatlılığın və şəffaflılığın yetərsizliyi, eləcə də maliyyə göstəricilərinin zəif olmasıdır. 2014-2019-cu illərdə dövlət büdcəsindən şirkətə toplam 2 milyard 481 milyon manat ödənilib. Cəmiyyətin həmin dövr ərzində büdcəyə ödədiyi vəsaitin həcmi cəmi 83 milyon manat olub. Başqa deyimlə, 2014-2019-cu illərdə ADY-nin dövlət büdcəsindən aldığı vəsait qurumun büdcəyə ödədiyindən 30 dəfə çox olub. Həmin müddətdə şirkətin öhdəlikləri 4.3 dəfə artdığı halda, kapitalı 40 faizə yaxın azalıb.
ADY-nin fəaliyyəti ilə bağlı diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, 2010-cu ildən bəri Azərbaycanda yük vaqonlarının sayı 2.5 dəfə, sərnişin vaqonlarının sayı 3.3 dəfə, konteynerlərin sayı 8 dəfəyə yaxın azalıb. 2015-2020-ci illər ərzində şirkətin işçilərinin 30 faizə yaxını ixtisar edilib.
“Azərbaycan Dəmir Yolları” xarici borcların ödənilməsi üzrə də risk qrupuna daxil edilib. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşsə də, ADY QSC-nin yükdaşıma strukturunda tranzit daşımaların payı 25 faizə, sərnişin daşımalarında beynəlxalq daşımaların payı isə cəmi 6 faizə yaxın olub. Qurumun nizamnaməsinin tələbinə baxmayaraq, ADY fəaliyyət və maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır.