Ali Məhkəməyə müraciət edən ailə cinayət işinə bəraət istəyir
“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, 2021-ci il noyabrın 5-də – ev dustaqlığına buraxılandan 5 gün sonra vəfat edən Vidadi Muradovun ailəsi onun haqqındakı hökmlə bağlı Ali Məhkəməyə şikayət verib.
Yaxınları onun ölümündən sonra olsa belə, haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, müsadirəsinə qərar verilən əmlakların üzərindən həbsin götürülməsini istəyir.
Söhbət 30 milyon manatdan artıq dəyəri olan evlər, obyektlərdən gedir.
Vidadi Muradov 21 milyonluq yeyinti, 640 mindən artıq vergidən yayınmada təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdə yazılıb ki, Vidadi Muradova qarşı ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilib. Lakin ölümüylə əlaqədar onun barəsində cinayət işinə xitam verilir.
Məhkəmə həm də yeyinti nəticəsində dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi, o cümlədən Dövlət Vergi Xidmətinin qaldırdığı 640 min 922 manatlıq mülki iddianın təmin olunması üçün Vidadi Muradov və ailə üzvlərinin əmlaklarının müsadirəsinə qərar verib.
“Azərxalça”nın sabiq rəhbərinin və onun ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin, “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarıyla həbs qoyulub.
Üzərində həbs olan əmlakın 19 milyon 144 min 554 manatlıq hissəsi evlər, qeyri-yaşayış sahələridir.
Müsadirə edilən 11 milyon 442 min 490 manatlıq əmlak isə Vidadi Muradovun təsisçisi olduğu “Azər-İlmə” MMC-nin səhm payları və aktivləridir.
Vidadi Muradovun vəkili Vüqar Babayev məhkəmədə çıxışında bildirmişdi ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız “Azər-İlmə” və onun ətrafındakı qeyri-yaşayış sahəsi, eləcə də Həsən Əliyev küçəsindəki ev Vidadi Muradova aiddir. Digər əmlakların bir hissəsini isə “Azərxalça”nın rəhbəri olmamışdan əvvəl əldə edib, ona görə də bu ittihama aidiyyəti yoxdur.
Vəkilin sözlərinə görə, digər əmlaklar oğlu Aydın Muradova aiddir, lakin məhkəmə Həsən Əliyev küçəsindəki ev istisna olmaqla, qalan əmlakların müsadirə olunmasına qərar verib.
Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib.
İttihamda yazılıb ki, o, təsisçisi olduğu şirkətin – “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını “Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib.
“Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsaiti yalnız formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb.
Sözügedən şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən “Azərxalça” rəhbərliyinə geri qaytarıblar.
“Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar verilib.
Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Sabunçu rayon Polis İdarəsinin rəisidir.
Bundan əvvəl isə o, Səbail rayonunda eyni vəzifədə çalışırdı.