Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 5 polkovnikə general-mayor rütbəsi verilib.
MillətinSəsi.info general-mayor rütbəsinə yüksələn zabitlərlə bağlı bəzi məlumatları təqdim edir:
Zaur İlham oğlu Zeynalov Vətən Müharibəsi Qəhrəmanıdır. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan general aprel döyüşlərində də iştirak edib. Əslən Salyandan olan 46 yaşlı Z. Zeynalov son olaraq Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il-də İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubu olan general Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.
Eldəniz Telman oğlu Yəhyayev Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.
Nicat Kamandar oğlu Qarayev Dövlət Təhlükəsizliyi Xidmətində də çalışıb. O, daha öncə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.
Pirverdiyev Akif Səməndər oğlu isə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitidir. O, daha öncə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.