Türkiyədə həm maraqlı, həm gülməli hadisə yaşanıb.
Yukarıkırzı kəndində səhər saatlarında kəndə ayı enib. Kəndin küçələri boyu o yan-bu yana qaçan ayı təhlükəsizlik kameralarına əks olunub.
Sonra isə kənd meydanına qədər enən ayını səhər namazından çıxan kənd sakinləri görüblər. Vəziyyət dərhal kənd muxtarına bildirilib və muxtar təhlükəsizlik kameralarına baxıb. İlk dəfə kənd meydanına ayının endiyini deyən muxtar gördüyü mənzərə qarşısında təəccübünü gizlədə bilməyib.
Kənddə yaşayan Asım Durmuş adlı şəxs səhər namazından sonra evinə getdiyi əsnada qarşısına bir ayının çıxdığını deyib. Təəccüb və qorxu içində ayı ilə göz-gözə gələn kənd sakini ayının nərə çəkdiyini və o an yaşadığı panika ilə özünün də ayıya qışqıraraq müdafiə olunmağa çalışdığını deyib.
“Səhər namazından çıxdım, gördüm, yuxarıdan aşağıya doğru ayı gəlir. Aramızda haradasa 10 metr məsafə qaldıqda anidən nərə çəkməyə başladı. Mən də yüksək səslə ona qışqırdım və yoldan qayıdıb aşağıya doğru getdi. Mən o qədər yüksək səslə qışqırmışam ki, kəndin aşağısında dostum da eşidib. Bala ayı deyildi, böyük, nəhəng ayı idi”, - deyə o, hadisəni nəql edib.
Mənbə: Haber Global