Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və onun vəzifəsinin müvəqqəti icrası AZAL-ın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Samir Rzayevin dosyesini təqdim edirik:
“Azərbaycan Hava Yolları” QSC-yə yeni birinci vitse-prezident təyin olunub.
Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.
Bu vəzifədən əvvəl isə “Bravo” supermarketlər şəbəkəsində satış müdüri olub. Samir Rzayev 2017-ci ildən “Bravo”da işləyib.
2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.
Onu da qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsi ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlıdır.
Xatırladaq ki, ötən il “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı.
Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub.
O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.